İQTİSADİYYAT


Elnur Soltanov: Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işlənəcək

Bakı, 15 avqust, Elvira Məmmədova, AZƏRTAC

Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işlənəcək.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ADA Universitetində Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanov deyib.

Mərkəzin rəhbəri qeyd edib ki, ötən həftə Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması uzun müddətdir davam edən danışıqların nəticəsi idi: “Konvensiyada ən çox diqqətçəkən maddə bundan ibarətdir ki, Xəzərə başqa ölkələrin bazalarının və hərbi qüvvələrinin girişi birmənalı, çox açıq şəkildə qadağan olunur. Ancaq sahilyanı ölkələrin buna dair haqqa sahib olduğu ifadə olunur”.

E.Soltanov bildirib ki, burada Azərbaycanı maraqlandıran iki əsas mövzu var: “Bu, Türkmənistan və İranla sərhədlərin müəyyənləşdirilməsidir. Yəni ölkəmizin haqqı olan ərazilərin Azərbaycanın istifadəsinə verilməsidir. Çünki Türkmənistan və İranla bizim dondurulmuş və mübahisəli yataqlarımız var idi. Hansı ki bura Azərbaycan əraziləridir. Azərbaycan bunların birmənalı olaraq beynəlxalq hüquq nöqteyi-nəzərindən özünə aid olduğunu bilir, ortaya qoyur və bunun qəbul edilməsini istəyir. Bu məsələ bizim üçün əhəmiyyətlidir. İkinci məsələ də “Transxəzər” boru kəməridir. Xəzərin dibi ilə Türkmənistandan təbii qaz və Qazaxıstandan isə neft boru kəmərləri çəkilə bilər. Bu da əhəmiyyətlidir, amma daha ikinci dərəcəli mövzulardır. Konvensiyada boru kəməri mövzusuna bir az daha aydınlıq gətirilib. Xüsusən Rusiya, bəzən də İran bu mövzuda ətraf mühit arqumentini ortaya atırdı. Fikrimcə, Konvensiya ətraf mühitin əhəmiyyətini vurğulamaqla yanaşı, boru kəmərlərinin mümkünlüyünü də göstərdi. Müəyyən ölçüdə bu məsələdə “yaşıl işıq” yandırıldı”.

“Daha əhəmiyyətli mövzu isə Azərbaycan-Türkmənistan və Azərbaycan- İran arasında dənizin dibinin, buradakı dondurulmuş və mübahisəli yataqların bölünməsi məsələsi idi. Bu məsələ ölkələr arasındakı ikili danışıqlara həvalə edilir. Yəni, bu o deməkdir ki, əslində, bu məsələ uzadılır, konkret sözlər deyilmir. Getdikcə bu mövzuda daha konkret maddələrin olub-olmadığını daha yaxşı başa düşəcəyik. Çünki bu Konvensiyanın imzalanması ilə İran istədiyini əldə etdi. Eyni zamanda, Rusiya da “Transxəzər” boru kəməri mövzusunda hər zaman müqavimət göstərib. Özünün Avropada olan dominant mövqeyinə zərbə vuracağını düşünür. Rusiya hərbi mövzuda aldığı inam qarşılığında “Transxəzər” boru kəməri mövzusunda geri addım atıb. Mənə elə gəlir ki, hər iki ölkə bu mövzunu çox açıq ifadə eləmir. Düşünürəm ki, yaxın günlərdə xüsusən də dənizin dibinin bölünməsi mövzusunda, müəyyən ölçüdə də “Transxəzər” boru kəməri mövzusunda İranın və Rusiyanın bir az daha konstruktiv addımlar atmasının şahidi olacağıq. Azərbaycan və Türkmənistan tərəfinin də borular mövzusunda qazancı bundan ibarət olacaq. Yəni, Rusiya və İran hərbi mövzuda istədiklərini əldə etdilər. Növbə artıq Azərbaycan Türkmənistan və Qazaxıstanındır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.