ELM VƏ TƏHSİL


Elşad Əhmədov: Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməklə, koronavirusla mübarizəyə kömək etməlidir

Bakı, 24 iyun, AZƏRTAC

Hazırda dünyada koronavirus pandemiyasının təsir etmədiyi ölkə yoxdur. Belə bir şəraitdə hər bir dövlət ilk növbədə vətəndaşlarının sağlamlığını qorumağa çalışır. Bütün dünyanı sürətlə cənginə alan ölümcül virusa (COVID-19) qarşı mübarizədə mühüm addımlar atan ölkələrdən biri Azərbaycandır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Zoologiya İnstitutunun direktoru vəzifəsini icra edən, biologiya elmləri doktoru Elşad Əhmədov deyib. O bildirib ki, COVID-19 pandemiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına əsasən zəruri qabaqlayıcı tədbirlər görülüb, təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumlarına müvafiq göstərişlər verilib. Azərbaycanda infeksiyasının geniş yayılmasının qarşısının alınması, vətəndaşlara təsirlərinin azaldılması ilə bağlı tədbirlər təkcə paytaxt Bakıda deyil, bütün ölkə ərazisində uğurla həyata keçirilir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq zəruri addımlar atılır.

Belə bir vəziyyətdə vətəndaşların üzərinə düşən əsas vəzifə qəbul olunan qərarların tələblərinə ciddi riayət etməkdir. COVID-19 xəstəliyi sərhəd tanımır, milli mənsubiyyət, sağlamlıq imkanları, yaş, cins arasında fərq qoymur. Hər kəs üzərinə düşəni etməklə, koronavirusla mübarizəyə öz dəstəyini göstərməlidir.

Elşad Əhmədov qeyd edib ki, əhalinin bir qismi təcrid olunmağın, sosial məsafəni gözləməyin, maska taxmağın, gigiyena və karantin qaydalarına əməl etməyin xəstəliyin qarşısının alınması üçün ən vacib amil olduğuna önəm vermir, karantin rejimi qaydalarını pozur. İnsanlar unudurlar ki, hər bir məsuliyyətsiz davranış, qayda pozuntusu ilə təkcə öz həyatlarını deyil, həm də yaxınlarının və ətrafdakı insanların həyatını risk altına atırlar. Bu da koronavirusa yoluxanların sayının artmasına birbaşa təsir göstərir.

O diqqətə çatdırıb ki, bu gün elm və texnikanın inkişafı evdən çıxmadan əksər əməliyyatların onlayn həyata keçirilməsinə şərait yaradır. Texnikanın imkanlardan yararlanaraq, karantin rejiminin tələblərinə ciddi əməl etməklə dövlətə dəstəyimizi göstərə və həmrəyliyimizi nümayiş etdirə bilərik.

“Lakin günü-gündən artan yeni yoluxma halları bizim bu göstərişlərə heç də ciddi əməl etmədiyimizi göstərir. Xəstəliyin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq vətəndaşlarımızı Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə, ciddi karantin rejiminin tələblərinə riayət etməyə, məsuliyyətli, nizam-intizamlı olmağa, zərurət yaranmadığı təqdirdə yaşayış yerlərini tərk etməməyə çağırırıq”, - deyə Elşad Əhmədov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.