SİYASƏT
Elşad Həsənov: Türkiyəni dəstəkləməli, regionun çox mühüm ölkəsi kimi onunla əməkdaşlığı dərinləşdirməliyik
Strasburq, 9 oktyabr, AZƏRTAC
AŞPA-nın payız sessiyası çərçivəsində “Türkiyədə keçirilən seçkilər” mövzusunda müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Elşad Həsənov qurumun hazırladığı hesabatla bağlı fikirlərini bildirib. O deyib ki, hesabatda bəzi məqamlarda ikili standartlara yol verilib. Türkiyədə seçkilər xalqın iradəsini əks etdirir və xalq hazırkı Prezidenti və iqtidar partiyasını dəstəkləyib. Toplaşma azadlığı, ifadə azadlığı, demokratik Seçki Məcəlləsi seçkilərin şəffaf və ədalətli şəkildə keçirilməsinin aydın arqumentləridir. Seçki kampaniyası zamanı şahidi olduğumuz kütləvi aksiyalarda iştirak etməklə türk seçiciləri demokratiyaya sadiqliyini nümayiş etdirib. Müxalifətin kütləvi aksiyaları isə onu isbat etdi ki, Türkiyə hökuməti toplaşmaq azadlığı hüququnu tam təmin edib.
Deputat qeyd edib ki, türk seçiciləri öz sərbəst iradələrini qorxu və təhdidsiz ifadə ediblər. Seçki qanunvericiliyinə tam əməl olunub və səslərin hesablanması zamanı bütün qayda-qanunlara riayət edilib. Müxalifətə yerli telekanallarda efir vaxtı verilib və seçicilərlə görüşlər keçirilib. Türkiyədə sərbəst debatlar və plüralizm üçün böyük hüquqi təminatlar yaradılıb. Bunun nəticəsi kimi, Türkiyədəki növbədənkənar seçkilər əsas azadlıqları təmin edən qanun və şərtlər çərçivəsində baş tutub. Türkiyənin Seçki Məcəlləsi fundamental azadlıqları tam təmin edir. Türk seçiciləri prezidentliyə namizədlər və müxtəlif siyasi baxışları bölüşən və fərqli düşərgələrə aid olan siyasi partiyalar arasında real seçimə malik olublar. Əminliklə demək olar ki, seçki prosesi mükəmməl idarə olunub.
“İndi isə biz daha möhkəm demokratiya qurmaq üçün Türkiyəyə yardım etməliyik. Bundan türk seçicisi faydalanacaq. İnsan hüquqları və azad seçki kimi müasir dəyərləri yaymaq üçün türk demokratiyasını dəstəkləməliyik. Türkiyə qonşu ölkə və regionlara təsir etmək imkanına malik nüfuzlu bir dövlətdir. Eyni zamanda, bu gün Türkiyə terrorla mübarizə aparır. Türkiyə, eyni zamanda, Suriya və Yaxın Şərqdən böyük qaçqın axını ilə üzləşməkdədir. Belə bir həssas məqamda Türkiyəni dəstəkləməli, regionun çox mühüm ölkəsi kimi onunla əməkdaşlığı dərinləşdirməliyik” - deyə E. Həsənov diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq