CƏMİYYƏT
Elşad Mirbəşiroğlu: Hər bir dövlət məmuru milli inkişafımıza töhfə verməlidir
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, onun milli inkişaf prioritetlərimizə uyğunlaşdırılması məsələsini hər zaman diqqət mərkəzində saxlayır. Dövlət idarəçiliyinin səmərəsi həm də kadrlardan asılıdır. Təsadüfi deyil ki, dövlətimizin başçısı yeni kadrları təyin edən zaman onlarla görüşür, tapşırıq və tövsiyələrini verir. Prezident İlham Əliyev dövrün tələblərinə uyğun olaraq, dövlət idarəetmə sistemində davamlı islahatlar həyata keçirir. Bu, həm institusional, həm də kadr islahatları xarakterli olur. İnstitusional islahatların həyata keçirilməsində başlıca məqsəd qarşıya qoyulmuş vəzifələrə daha optimal formada çatılmasını, dövlət idarəçiliyinin daha çevik olmasını təmin etməkdən ibarətdir. Təbii ki, yeni dövrün tələblərinə və yeni inkişaf məqsədlərinə uyğun olaraq, kadr islahatlarının həyata keçirilməsi çox vacibdir. Azərbaycan Prezidentinin də hər dəfə xəbərdarlıq edərək xatırlatdığı kimi, yeni təyin olunan kadrlar vəzifələrini vicdanla, düzgün yerinə yetirməlidirlər, daim insanlarla təmasda olmalıdırlar və qanunazidd əməllərə yol verməməlidirlər.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu söyləyib.
E.Mirbəşiroğlu bildirib ki, Prezident İlham Əliyev qəbulda bir neçə keçmiş icra başçısının cinayət məsuliyyətinə cəlb edildiyini xatırlatdı. Dedi ki, icra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipindən çıxış etməlidirlər. Bütün sakinlərə, xüsusilə də şəhid ailələrinə yaxından qayğı göstərilməlidir. Problemlərin sakinlərin öz dilindən eşidilib aradan qaldırılması ümumilikdə yaxşı nəticələri şərtləndirəcək. Dövlət tərəfindən şəhid ailələrinə yaxından diqqət göstərilməkdədir. Onların məişət problemləri həll olunur, mənzillər, fərdi evlər verilir, avtomobillə təmin olunurlar. “Prezident tapşırıq verdi ki, rayon icra orqanları da bu istiqamətdə fəallıq nümayiş etdirsinlər. Şəhid ailə üzvlərinin, müharibə iştirakçılarının qayğıları ilə yaxından maraqlansınlar, onların məşğulluğunun təmin olunmasının qeydinə qalsınlar. Ölkəmizin başçısı bir daha vurğuladı ki, azad edilmiş torpaqlarımıza bayrağımızı bizim qəhrəman əsgər və zabitlərimizin sancdığını heç kim unutmamalıdır. Onlar canları, qanları bahasına Vətənimizi işğaldan azad ediblər. Ona görə də hər bir kəs onlara arxa, dayaq durmağa borcludur.
Dövlətimizin başçısı təyin etdiyi yeni icra başçılarına müvafiq rayonların inkişaf potensiallarını da xatırlatdı. Həmin rayonların turizm potensialından istifadə edərək, onları turizm mərkəzlərinə çevirmək vəzifəsini qoydu. Prezidentin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası sayəsində rayonların həm siması, həm də sosial-iqtisadi vəziyyəti köklü şəkildə dəyişmişdir. Belə ki, geniş abadlıq-quruculuq işlərinin həyata keçirilməsi ilə yanaşı, müxtəlif infrastruktur layihələri də reallaşdırılıb, sakinləri uzun illər narahat edən elektrik enerjisi, su, qaz, yol, xəstəxana və s. çoxsaylı problemlər aradan qaldırılıb. Yeni iş yerlərinin açılmasının daimi xarakterli olması da diqqətə çatdırıldı”, - deyə deputat qeyd edib.
Diqqətə çatdırılıb ki, ölkəmiz müstəqilliyinə qovuşan zaman əhalinin sayı yeddi milyon təşkil etdiyi halda, indi bu rəqəm on milyonu ötüb. Müvafiq olaraq, yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğunun səmərəli təmin olunması məsələsi daim diqqət mərkəzində olmalıdır. Yeni iş yerlərinin yaradılması prosesində kənd təsərrüfatının inkişaf etdirilməsi təsirli rol oynaya bilər. E.Mirbəşiroğlu, həmçinin deyib: “Prezident İlham Əliyev bu baxımdan, müasir tələblərə cavab verən kənd təsərrüfatının yaradılması tapşırığını da verdi. Torpaqlardan səmərəli istifadə etməklə, müasir aqrotexniki tədbirlər görməklə ümumilikdə kənd təsərrüfatının inkişaf etdirilməsi regionların sosial-iqtisadi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasına imkan verməklə, yeni iş yerlərinin açılmasına təkan verər. Bu zaman ekologiyanın qorunmasının vacibliyi məsələsi də Prezidentimiz tərəfindən xüsusi vurğulandı. Beləliklə, dövlətimizin başçısı məmurların yeni dövrün, yeni reallıqların tələblərinə, müvafiq olaraq, yeni inkişaf prioritetlərimizə uyğun səmərəli fəaliyyət göstərmələri üçün növbəti çağırış və xəbərdarlıq etdi.
Deputat bildirib ki, Vətən müharibəsində tarixi Zəfərimizdən sonra xüsusilə böyük inkişaf potensialı və perspektivlər yaranıb. Prezidentimizin də qeyd etdiyi kimi, ölkəmizdə işlər elə getməlidir ki, heç bir ədalətsizlik olmasın.