SİYASƏT


Elşən Musayev: Azərbaycanda diaspor quruculuğu birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycanda diaspor quruculuğu birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra xaricdə yaşayan həmvətənlərimizin diqqət mərkəzində olması, onların bir araya gəlməsi dövlətin əsas prioritetlərindən birinə çevrildi. Çünki həyatının müəyyən bir qismini işi ilə əlaqədar doğma Azərbaycandan kənarda yaşamağa məcbur olan Heydər Əliyev həmin insanların hisslərini də, düşüncələrini hər kəsdən gözəl anlayırdı. Elə bu minvalla da 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi və 2002-ci ildə Prezidentin fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı.

Sonrakı dövrlərdə də dövlət tərəfindən komitəyə hər zaman qayğı və diqqət göstərildi və “diaspor komitəsi” adlanan məlum təsisat hökumətdə təmsil olundu. Azərbaycan Prezidentinin sərəncamı ilə 2008-ci ildə bu komitənin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradıldı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev söyləyib.

Deputat bildirib ki, 2018-ci ildə Fuad Muradovun quruma rəhbər təyin olunmasından sonra onun fəaliyyətində xüsusi canlanma başlayıb, Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə maksimum dövlət dəstəyi davam edib. Həmin dəstəklər sırasında 2018-ci ildə yaradılan Azərbaycan Diasporuna Dəstək Fondunu, 2020-ci ilə Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydaları” haqda sənədi misal göstərmək olar. Paralel olaraq xüsusi vurğu ilə qeyd etmək lazımdır ki, Azərbaycan diasporunun birliyinə nail olunması və sistemli işin təşkil edilməsi məqsədi ilə 2019-2023-cü illər üçün Strateji Yol Xəritəsi hazırlanıb. Bu isə dövlət-diaspor əməkdaşlığının inkişafı və vahid ideya uğrunda birləşmək istiqamətində atılan çox önəmli, çox mühüm addımdır.

“Son olaraq bir məsələyə də toxunum. Diasporla İş üzrə Dövlət Komitəsi pandemiya və 44 günlük Vətən müharibəsi dövründə də var gücü ilə çalışdı. Koronovirusla mübarizə kontekstində nə qədər soydaşımıza mənəvi və maddi yardım edildi, onların taleyinə həssaslıqla yanaşıldı. Müharibədən sonra isə əziz soydaşlarımızın Şuşaya səfəri təşkil olundu. Orada Prezident İlham Əliyevin iştirakı ilə növbəti, möhtəşəm tədbir keçirildi, bütün dünyaya əzəli torpağımızdan, əsrarəngiz Şuşamızdan milli birliyimizin mesajları verildi.

Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin bütün kollektivini yubileyləri münasibəti ilə ürəkdən təbrik edir və onlara şərəfli işlərində uğurlar arzulayıram”, - deyə Elşən Musayev fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.