SİYASƏT


Elşən Musayev: Xarici diplomatların Şuşaya səfəri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin Şuşaya səfəri həm mövcud vəziyyətin öyrənilməsi, həm də əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir.

Xarici diplomatlar indiyədək Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Qubadlı və Ağdamda olublar. Bu dəfə isə onlar Şuşanı ziyarət etdilər və növbəti dəfə əyani şəkildə gördülər ki, erməni qəsbkarları 30 illik işğal dövründə hansı vandallıq aktları, necə vəhşiliklər törədiblər, Azərbaycan xalqının maddi və mənəvi irsinə qarşı hansı talan və terror siyasəti yürüdüblər.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.

Deputat bildirib ki, diplomatlar hər dəfə bu səfərlərdən sonra heyrətə gəlir, ermənilərin əsl simasını daha aydın görürlər. O vəhşi sima 30 il ərzində törədilən terrorlardan, dağıdıcılıq fəaliyyətindən çox dəqiq sezilir. Dərhal aydın olur ki, bu torpaqlar ermənilər üçün yad olub. Ona görə də 30 ildə bir daş üstə daş qoymayıblar, ancaq dağıdıblar, talan ediblər, oğurlayıblar.

Ermənilərin cansız heykəlləri də gülləbaran etdiklərini vurğulayan deputat onların Azərbaycana aid məzarları dağıtdıqlarını, məscidləri təhqir etdiklərini, muzeyləri, kitabxanaları talana məruz qoyduqlarını bildirib.

Partiya sədri vurğulayıb ki, indi artıq həmin torpaqlar işğaldan azad olunub. Həmin torpaqlar indi nəfəs alır, dirçəlir. Qarabağda sürətli bərpa, yenidənqurma işləri aparılır. Qarabağ yenidən qurulur, yenidən öz gözəl simasına qayıdır. Bu isə Azərbaycan dövlətinin gücündən, potensialından xəbər verir.

“Təəssüf ki, Şuşa səfər edən xarici diplomatlar arasında bəzi dövlətlərin, xüsusilə uzun müddət ATƏT-in Minsk qrupunda həmsədrlik missiyasını həyata keçirən ölkələrin nümayəndələri yox idi. Hərçənd onlar hamıdan öndə olmalı idilər. Onlar hamıdan daha çox maraqlı olmalı idilər ki, Azərbaycan həqiqətləri, real və mövcud vəziyyət barədə informasiyalar bütün dünyaya çatdırılsın. Halbuki, həmin dövlətlər çox gözəl bilirdilər ki, məlum səfərin əhəmiyyəti çox böyükdür. Onların bu səfərdə iştirak etməmələri, belə bir təşəbbüsə qoşulmamaları, ilk növbədə, öz nüfuzlarına özləri tərəfindən vurulan ciddi zərbə kimi qiymətləndirilməlidir”, - deyə deputat əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.