CƏMİYYƏT


Elxan Əsədov: Prezident İlham Əliyevin çoxmənzilli binalarla bağlı imzaladığı Fərman inqilabi yenilikdir

Bakı, 19 fevral, AZƏRTAC

Prezident İlham Əliyevin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Fərmanı bu sahədə inqilabi yenilikdir. Bu Fərmanı çoxmənzilli binaların tikintisi sahəsində memarlıq amnistiyası da adlandıra bilərik.

Bunu Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov AZƏRTAC-a açıqlamasında deyib.

E.Əsədov deyib ki, Azərbaycanda tikinti bumunun başlamasından sonra bu istiqamətdə genişmiqyaslı işlərin həyata keçirilməsi tikintiyə nəzarətin təmin edilməsində, eləcə də müvafiq icazələrin verilməsi sahəsində müəyyən çətinliklərin yaranmasına səbəb olurdu. Nəticədə respublika ərazisində, xüsusən də Bakıda tikintisinin başa çatmasına və sakinlərin məskunlaşmalarına baxmayaraq, rəsmi olaraq istismarına icazə verilməmiş kifayət qədər bina var idi. Həmin binaların sakinləri yaşadıqları mənzillərlə bağlı çıxarış sənədləri ala bilmir və bu, onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olurdu. Həmin sakinlər rəsmi olaraq mənzillər üzərində hüquqlara malik deyildilər. Bu vəziyyət nəticəsində həmin şəxslər dövlətə və bələdiyyələrə əmlak vergisi də ödəyə bilmirdilər.

Dövlətimizin başçısının imzaladığı yeni Fərmanda əksini tapan məsələlərin qısa müddətdə həll edilməsinin nəzərdə tutulduğunu vurğulayan rəis müavini dərhal müvafiq işlərin həyata keçirilməsinə başlanıldığını diqqətə çatdırıb. Bildirib ki, Fövqəladə Hallar Nazirliyinin belə binalarla bağlı rəyləri əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, yerli icra hakimiyyəti orqanları həmin binaların istismarı üçün lazımi sənədi təqdim edəcəklər. Bundan sonra vətəndaşlar sahib olduqları mənzillərinin çıxarış sənədlərini qısa zamanda ala biləcəklər. Bununla da sakinlərin mülkiyyət hüquqları qısa müddətdə təmin olunacaq. Bu Fərmanın əsas üstünlüyü ondan ibarətdir ki, artıq sakinlər və ya mənzil-tikinti kooperativləri müvafiq sənədlərin alınması üçün özləri müraciət etməyəcəklər. Aidiyyəti dövlət qurumları lazımi sənədləri hazır etdikdən sonra vətəndaşlar onları ala biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.