İDMAN


Elxan Məmmədov: AFFA sağlam həyat tərzini təbliğ edir

Bakı, 28 yanvar, AZƏRTAC

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə 32 namizəd var.

AZƏRTAC xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yanvarın 28-də təşkil olunan mətbuat konfransında deyib.

E.Məmmədov qeyd edib ki, AFFA-nın İcraiyyə Komitəsinin iclasında namizədlər təqdim olundu. Komitənin üzvləri namizədlər barədə fikirlərini bildirdilər. AFFA-nın prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin hər bir üzvünə növbəti konfransadək fikirlərini təqdim etməyi tapşırıb.

Növbəti konfransın 15 gün sonra keçiriləcəyini deyən E.Məmmədov bu tədbirdən sonra namizədlərin qısa siyahısının müəyyənləşəcəyini vurğulayıb.

“Danışılmış oyunlarla bağlı istintaq davam etdirilir. Hüquq-mühafizə orqanları olmadan araşdırmaları bu miqyasda apara bilməzdik. Artıq üçillik mübarizəmizin bəhrəsini görürük. Digər idman növlərinin nümayəndələrinin də futbola müdaxiləsi olub. Bəzi insanlar cinayəti təkrarlamağa çalışırlar. AFFA danışılmış oyunlara qarşı mübarizəni ciddi şəkildə həyata keçirən qurumdur”, - deyə E.Məmmədov əlavə edib.

AFFA-nın futbolçuların siqaret və qəlyan çəkmələrinin əleyhinə olduğunu deyən E.Məmmədov qeyd edib ki, hər bir komandanın baş məşqçisi intizam qaydalarına görə məsuliyyət daşıyır. AFFA sağlam həyat tərzini fəal təbliğ edir.

İcraçı vitse-prezident bildirib: “Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə yaradılan Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) uğurlu qərarlar qəbul edəcəyinə inanıram. 2018-ci ildə bununla bağlı ilkin fikirlər eşitdik. Düşündük ki, nazirlik nəzdində belə qurum yaradılırsa, AFFA-nın buna müdaxiləsi düzgün olmaz. Müraciət edildi ki, AFFA-nın mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla yeni federasiyada təmsil olunsun və buna razılıq verdik. AİJF-nin fəaliyyətə başlaması münasibətilə bu qurumun üzvlərini təbrik edirəm”.

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov vurğulayıb ki, Məşqçilər Komitəsinə 23 yaşadək futbolçulardan ibarət milli komandanın yaradılması təklif olunub. Həmin komandaya yerli mütəxəssis baş məşqçi təyin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.