İQTİSADİYYAT
“Embafinans” QSC-nin istiqrazları üzrə marketmeyker müqaviləsi bağlanılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Bakı Fond Birjası (BFB) ilə “AzFinance İnvestisiya şirkəti” QSC arasında “Embafinans” QSC-nin istiqrazları üzrə marketmeyker müqaviləsi bağlanılıb.
BFB-dən AZƏRTAC-a bildirilib ki, avqustun 17-də Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC-nin ümumi dəyəri 4 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Sentyabrın 21-də “Embafinans” QSC-nin istiqrazları BFB-nin ticarət platforması vasitəsilə təkrar bazarına start verilib. Avqustun 26-da “Embafinans” QSC-nin istiqrazlarının anderrayteri olmuş “AzFinance İnvestisiya şirkəti” QSC “Embafinans” QSC-nin istiqrazları üzrə təkrar bazarda gündəlik olaraq alış və satış öhdəliyi götürüb. İnvestorlar tərəfindən təkrar bazarda ticarətə çıxarılan istiqrazlar BFB-nin ticarət reqlamentinə uyğun olaraq birja üzvü olan “AzFinance İnvestisiya şirkəti” QSC tərəfindən təmin olunacaq. “AzFinance İnvestisiya şirkəti” QSC adıçəkilən istiqrazlar üzrə noyabrın 18-dən etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcək.