QAN YADDAŞI
“Embassy Brasilia” jurnalında “Xocalını xatırlayaraq” adlı məqalə dərc edilib
Bakı, 27 fevral, AZƏRTAC
Braziliyada nəşr edilən “Embassy Brasilia” jurnalında və mətbu orqanın internet səhifəsində Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxovun portuqal və ingilis dillərində “Xocalını xatırlayaraq” adlı məqaləsi dərc edilib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə 26 il öncə Xocalı şəhərində keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbçilərinin köməyi ilə erməni silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında ətraflı məlumat verilib. Fevralın 25-dən 26-na keçən gecə yüzlərlə dinc insanın xüsusi vəhşiliklə qətlə yetirildiyi, mindən artıq insanın girov götürüldüyü bildirilib. Müəllif dəhşətli hadisədən 26 il keçsə də Xocalı faciəsini törədənlərin hələ də cəzalandırılmadığı, Azərbaycan torpaqlarının erməni işğalı altında qaldığı və bir milyon qaçqın və məcburi köçkünün hüquqlarının bərpa edilmədiyini vurğulayıb.
Məqalədə Xocalı faciəsinin Meksika, Peru, Panama ilə yanaşı, Latın Amerikası qitəsində yerləşən bir neçə digər ölkənin qanunverici orqanları tərəfindən də Xocalı soyqırımı kimi tanındığı bildirilib, dünya ictimaiyyətinə bu cür vəhşiliklərə qarşı vahid mövqe nümayiş etdirməyə və gələcəkdə belə faciələrin təkrarlanmaması üçün “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına qoşulmağa çağırış edilib.
“Embassy Brasilia” jurnalı Braziliyanın ən nüfuzlu yerli və beynəlxalq mətbu orqanları sırasındadır və geniş oxucu kütləsinə malikdir.