İDMAN


Emil Quliyev: Respublika Olimpiya Mərkəzi öz fəaliyyətini daha da genişləndirəcək

Bakı, 18 noyabr, AZƏRTAC

Dünyanın ən qabaqcıl idman ölkələrindən biri olan Azərbaycanda bədən tərbiyəsi və idmanın daha sürətlə inkişafı üçün bu sahənin infrastrukturunun təkmilləşdiririlməsi xüsusilə diqqət mərkəzindədir. Ölkəmizdə ən müasir standartlara cavab verən Olimpiya idman kompleksləri, meydançalar, müxtəlif təyinatlı idman qurğuları bu sahənin inkişafında mühüm rol oynayır. İdman infrastrukturunun paytaxt Bakı, eləcə də, respublikamızın bütün guşələrində inkişafı bədən tərbiyəsinin kütləviliyinin getdikcə artırılması üçün böyük zəmin yaradır.

Bakı şəhərinin mərkəzi hissəsində yerləşən Respublika Olimpiya Mərkəzi əsaslı təmirdən sonra bu günlərdə idman ictimaiyyətinin istifadəsinə verilib. Mərkəzdə, əsasən, atletika üzrə yığma komandanın hazırlığı həyata keçiriləcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Respublika Olimpiya Mərkəzinin direktoru Emil Quliyev bildirib. O, qeyd edib ki, idman infrastrukturunun getdikcə təkmilləşdirilməsi istiqamətində atılan addımlar uğurla davam edir: “Ölkəmizdə inkişaf etmiş idman növlərindən biri olan atletikanın kütləviliyini artırmaq üçün idman infrastrukturunun daha da inkişaf etdirilməsi mühüm amillərdəndir. Mərkəzdə təlim-məşqlərin təşkili, yarışların keçirilməsi üçün yaradılan şərait bu gün tam standartlara cavab verir. Respublika Olimpiya Mərkəzi öz fəaliyyətini bundan sonra daha da genişləndirəcək”.

E.Quliyev Azərbaycanda atletika üzrə bir sıra nailiyyətlərin qazanıldığını və mərkəzin bu idman növü üzrə daha böyük uğurların əldə olunmasına öz töhfələrini verəcəyinə əmin olduğunu bildirib: “Ölkəmizdə bütün sahələr kimi, idmanda da çox böyük nailiyyətlər əldə edilib. Atletika üzrə də idmançılarımızın uğurlarını xüsusi qeyd etməliyəm. Əminəm ki, Respublika Olimpiya Mərkəzi atletikanın inkişafına öz töhfələrini verməkdə davam edəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.