ELM VƏ TƏHSİL
Emin Əmrullayev: Vətən müharibəsində təhsil sistemimizin vətənpərvərliklə bağlı olan hissəsinin sınaqdan çıxdığını gördük
Bakı, 21 sentyabr, AZƏRTAC
İnsani dəyərlərin gələcək nəsildə formalaşması şagirdlərin kimya, fizika, Azərbaycan dili, riyaziyyat testlərində göstərdiyi nəticələrdən, fikrimcə, daha yüksəkdə duran meyardır. Təəssüf ki, bu meyarı, testlərlə ölçmək üsulu hələlik bəşəriyyət tərəfindən kəşf edilməyib. Xalqlar, cəmiyyətlər bu dəyərlərin ölçülməsini üzləşdikləri böhran hallarında və yaxud Vətən müharibəsi timsalında, böyük zəfərlərin qazanılmasında görürlər. Biz də 44 günlük Vətən müharibəsində təhsil sistemimizin ümumilikdə dəyərlərlə, vətənpərvərliklə bağlı olan hissəsinin müəyyən mənada sınaqdan çıxdığını gördük.
AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransında söyləyib. Nazir qeyd edib ki, insani dəyərlərin təşviq edilməsi məktəblərin qarşısında duran ən vacib məsələ olmalıdır.