REGİONLAR
Emin Hüseynov: Beynəlxalq təşkilatlar Qarabağa həyatın qayıtmasına şahidlik edirlər VİDEO
Ağdam, 4 mart, T.Ağaməmmədov, AZƏRTAC
Bu gün BMT Baş katibinin müavini, BMT-nin Məskunlaşma Proqramının İcraçı direktoru Maimuna Mohd Şərifi və onu müşayiət edən nümayəndə heyətini Ağdam şəhəri, burada törədilmiş urbisidin bariz nümunələri ilə tanış elədik. Qonaqlar Ağdam və işğaldan azad olunmuş digər ərazilərdə aparılan bərpa-quruculuq işləri ilə də tanış oldular. Azərbaycan hökumətinin bərpa prosesinə yanaşmasını və idarəetmə mexanizmini izah etdik. Eləcə də bu təşkilatların Azərbaycan təcrübəsindən bəhrənə biləcəkləri məsələlər haqda fikir mübadiləsi apardıq. Ümid edirəm ki, qonaqların bu səfəri faydalı olacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Ağdamda jurnalistlərə müsahibəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov söyləyib.
O deyib: “Əlbəttə, bu torpaqlarda 30 il ərzində törədilmiş vandalizm faktları danılmazdır. Amma, eyni zamanda, biz gələcəyə baxmalıyıq. Cənab Prezidentin rəhbərliyi ilə dövlətimiz bu torpaqlarda gözəl şəhərlər, kəndlər, qəsəbələr quracaq. Bütün bunların məqsədi vətəndaşlarımızın tez bir zamanda dədə-baba torpaqlarına qayıtmasıdır. Məqsədimiz odur ki, Qarabağa həyat qayıtsın. Bu, artıq başlayıb və beynəlxalq təşkilatlar da buna şahidlik edirlər”.