MƏDƏNİYYƏT
Emin Məmmədov Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib
Bakı, 29 fevral, AZƏRTAC
Bu günlərdə Rusiya Rəssamlıq Akademiyası Rəyasət Heyətinin iclası keçirilib. İclasda qalereyaçı, Heydər Əliyev Fondunun mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri, Azərbaycanın Əməkdar elm xadimi Emin Məmmədova Akademiyanın fəxri üzvünün reqaliyaları təqdim olunub.
AZƏRTAC “Vestnik Kavkaza” agentliyinə istinadla xəbər verir ki, Emin Məmmədova fəxri üzv mantiyasını Rusiya Rəssamlıq Akademiyasının prezidenti, tanınmış heykəltəraş Zurab Sereteli şəxsən təqdim edib.
Emin Məmmədov yaradıcı sülalənin nümayəndəsidir. Onun atası Səlhəb Məmmədov tanınmış heykəltəraş, Azərbaycanın Xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.
E.Məmmədov “Vestnik Kavkaza”ya müsahibəsində yaradıcılıq qabiliyyətinin ona atasından keçdiyini deyib: “Mənim uşaqlığım emalatxanada keçib. Ora rəssamlar gəlirdi və mən daim bu yaradıcılıq ab-havasında olmuşam, atamla birlikdə onun dostlarının emalatxanalarına getmişəm. Mən hətta özümü incəsənət aləmindən kənar təsəvvür belə etmirdim. Pionerlər evinə rəsm dərnəyinə gedirdim. Sonra rəssam German Jeqlovla tanış oldum. 13-14 yaşlarında müntəzəm olaraq onun emalatxanasına gedirdim, 15 yaşında isə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil oldum. Mənim yaradıcılıq həyatım beləcə başladı. Rəssamlıq Məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun (hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) qrafika kafedrasına daxil oldum və altı il də orada oxudum”.
Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü mantiyasını almasından danışan Emin Məmmədov deyib: “Bu, çox xoş idi. Mənim üçün yeni qapılar, yeni tanışlıqlar açılır. Mən orada Surikov Məktəbinin rektoru və prorektoru ilə tanış oldum. Söhbətimiz tutdu və biz Azərbaycan Rəssamlıq Akademiyası ilə Surikov Rəssamlıq Məktəbinin tələbələri arasında birgə tədris proqramlarını götür-qoy etdik. Bu, yeni mədəni dialoqdur, gəncləri birləşdirəcək yeni birgə layihələrə təkandır”.