SİYASƏT


Emmanüel Düpüi: Ermənistanın əl atdığı mənasız təbliğat vasitələri bu ölkədəki siyasi rejimin zəifliyini göstərir

Paris, 7 sentyabr, AZƏRTAC

Sosial şəbəkələrdə Nikol Paşinyanın arvadının əlində “Kalaşnikov” tipli avtomat olan şəkilləri yayılır. Bu şəkillər vasitəsilə erməni xalqını birləşdirməyə cəhd edildiyi görünür. Həmçinin bu şəkillər Ermənistanda rejimin zəifliyini, eləcə də siyasi sahədə dərin fikir ayrılığının olduğunu nümayiş etdirir. Bu isə rejimi belə boş və mənasız təbliğat vasitələrinə əl atmağa vadar edir. Bu şəkillər Ermənistandakı məxməri inqilabdan sonrakı prezident və baş nazir arasındakı münasibətlərin zəif olduğunu göstərir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Avropa Perspektiv Proqnozlar və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanüel Düpüi söyləyib.

E.Düpüi bildirib ki, dünyadakı ermənilərin az bir hissəsinin yaşadığı Ermənistanın erməni mənşəli insanlara mifik torpaqlarına qayıtmaq və ya orada yenidən məskunlaşmaq təklif etməsi məntiqsiz deyil. Suriyadan və ya Livandakı erməni mənşəli insanlar çox açıq şəkildə millətçi hisslərini hələ də saxlayırlar.

Ermənistan fürsətdən yararlanaraq bu siyasi amildən öz xeyrinə istifadə etmək istəyir. Buna görə də işğal etdiyi ərazilərin “legitimliyini” dəstəkləmək üçün xaricdə yaşayan ermənilərin köçürülməsi kimi qeyri-qanuni fəaliyyətə əl atır. Bununla onlar insanları ermənilərin könüllü şəkildə tərk etdiyi Ermənistan və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin boş olmadığına inandırmaq istəyirlər. Yəni, Dağlıq Qarabağdakı azərbaycanlıların etnik təmizlənməsindən sonra buradakı ermənilərin də imkan düşən kimi mühacirət etdiyini gizlətmək niyyəti daşıyır. Ermənistan bu məkanların boşluğunu doldurmağa çalışır və bu məqsədlə geosiyasi “silah”a əl atır.

ATƏT-in faktaraşdırıcı missiyası hesabatında erməni mənşəli xarici ölkə vətəndaşlarının Ermənistan tərəfindən işğal edilən torpaqlarda məskunlaşdırıldığını qeyd etsə də, bununla bağlı hər hansı reaksiya olmayıb.

Fransız ekspert təəssüf hissi ilə qeyd edib: “Minsk qrupu 10 ilə yaxındır demək olar ki, fəaliyyətini dayandırıb və öz təsir gücünü itirib. Hər kəsə məlumdur ki, Minsk qrupu anaxronik cəfəngiyyatdır. Bu qurum 1992-ci ildəki geosiyasi vəziyyətə cavab vermək üçün yaradılmışdı və bu gün bu qurum faktiki olaraq təsirsiz və onun fəaliyyəti nəticəsizdir”.

E.Düpüi vurğulayıb ki, ərazi işğalı məsələsi ilə bağlı beynəlxalq hüquqa da riayət olunmur. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın işğalı ilə bağlı qəbul etdiyi 4 qətnaməyə riayət edilmir. Beynəlxalq hüquqa riayət olunub-olunmaması önəmli deyil. Əsas məsələ beynəlxalq hüquqa riayət olunması üçün hansı tədbirlərin görülməsinin lazım olduğunu bilməkdir. Çoxtərəfli və çoxmillətli sistemə əsaslanan beynəlxalq hüquq öz missiyasını, yəni, münaqişələrin qarşısını almaq, onları həll etmək və ya problemlərin həllini tapmaq kimi missiyasını yerinə yetirmək baxımından çox zəifləyib. Münaqişələrin əksəriyyəti BMT prosesinə paralel mexanizmlər sayəsində həllini tapır.

“Düşünürəm ki, Cənubi Qafqaz və Qara dəniz regionlarında dondurulmuş münaqişələrə yalnız beynəlxalq hüquqa əsaslanaraq həll tapmaq mümkün deyil. Çünki beynəlxalq hüquq 1992-ci ildən bəri hərdənbir baş verən müxtəlif münaqişələri həll etmək istiqamətində cüzi də olsa dəyişməyib. Yəni, beynəlxalq hüququn həvalə edildiyi aktorlar o qədər zəifləyiblər ki, onun həyata keçirilməsi mümkünsüz olub. BMT-nin fəaliyyəti və istinad prosesləri də çox zəifdir. Yeni beynəlxalq sistem tapmaq lazımdır. Yəqin ki, tezliklə - təşkilatın 75 illik yubileyində onun üzvləri bu məsələni qaldıracaqlar”, - deyə E.Düpüi bildirib.

Diqqətə çatdırılıb ki, beynəlxalq həll mexanizmlərinə əsaslanan beynəlxalq hüquq bu gün münaqişələrin mürəkkəbliyi qarşısında gücsüzdür.

Dondurulmuş münaqişələri həll etmək üçün mühüm aktorların sayını artırmaq lazımdır. Məhz buna görə Minsk qrupu üç ölkədən ibarətdir. Ancaq artıq Minsk+ yaratmaq lazımdır. Cənubi Qafqaz təcrid olunmayıb. O, Avropa, Avrasiya və Mərkəzi Asiyanın gündəliyindədir. Mərkəzi Asiya ilə Avropa arasındakı əlaqələr Cənubi Qafqazda sabitliyi tələb edir. Cənubi Qafqaz, xüsusilə də Azərbaycan, eyni zamanda, həm üfüqi, həm də şaquli dəhliz və platforma rolunu oynayır. Ermənistanın isə yerləşdiyi mövqenin heç bir üstünlüyü yoxdur.

Azərbaycanın coğrafi yerləşməsi bütün dünya ölkələri ilə dialoq üçün əlverişlidir. Coğrafiya tarixdən və geosiyasətdən daha üstündür. Məhz buna görə Azərbaycan bu gün mədəniyyətlər və dinlər arasında platformaya çevrilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.