ELM VƏ TƏHSİL
“Enactus UNEC” komandası Azərbaycanı dünya çempionatında təmsil edəcək
Bakı,8 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri “Enactus” beynəlxalq proqramının “World Cup” yarışına vəsiqə qazanıblar. “Enactus Azərbaycan” XII Milli Yarışının yekun nəticəsinə əsasən, birinciliyə layiq görülən UNEC komandası dünya kubokunun sahibi olmaq üçün 36 ölkənin təmsilçiləri ilə mübarizə aparacaq.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, “Enactus” proqramı üzrə qaliblər innovativ yanaşma, layihələrin sosial effekti, ekoloji standartların qorunması, maliyyə idarəçiliyi, nitq qabiliyyəti, təşkilatçılıq və digər meyarlar əsasında müəyyən edilir.
Tələbələr arasında sahibkarlıq fəaliyyətini inkişaf etdirmək və gələcəyin sahibkarlarını yetişdirmək məqsədi daşıyan “Enactus” beynəlxalq proqramının final mərhələsində Azərbaycan üç biznes layihə ilə yarışacaq. Təmsilçilərimiz sentyabrın 26-da Londonda keçiriləcək yarışda “Proboard” (istifadəsiz bannerlərdən proyektor pərdəsinin hazırlanması), “From waste of food to great business” (qida tullantılarından alınan gübrədən bitkilərin yetişdirilməsi və botanik kafenin yaradılması) və “Misgər” (sənətkarlıq məhsullarının satışı) biznes layihələrini təqdim edəcəklər.
UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbi, “SABAH” mərkəzi və iqtisadiyyat fakültəsinin tələbələrindən ibarət komanda bu proqramda iştirak etməklə, həm də dünya gənclərinin biznes və təhsil sahəsində işgüzar danışıqlarının aparılması üçün yaradılan platformaya qoşulmuş olacaqlar.
Qeyd edək ki, “Enactus” (Entrepreneurial Action Us) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulub. Dünyanın bir çox ölkələrində proqram üzrə 1996-cı ildən etibarən milli yarışlar keçirilməyə başlanılıb. 2001-ci ilin iyul ayında ilk dəfə Londonda Dünya Kuboku yarışı keçirilib. Azərbaycan 2005-ci ildən “Enactus” proqramına qoşulub, dünya kubokları yarışlarında iştirak etmək hüququnu qazanıb. Dünya üzrə “Enactus” proqramına 50-yə yaxın ölkə, 1600-dan çox ali təhsil müəssisəsi və 50 mindən çox tələbə qoşulub.