CƏMİYYƏT
Endokrinologiya ilə əlaqədar cərrahi problemlər müzakirə olunub
Bakı, 9 uyun, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında ATU və Türkiyənin Medipol Universitetinin birgə təşkil etdiyi “Endokrinologiyada cərrahiyyə ilə ortaq görüşlər” mövzusuna həsr olunmuş simpozium keçirilib.
Simpoziumda açılış nitqi ilə çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru, professor Surxay Hadıyev bu cür tədbirlərin qarşılıqlı əməkdaşlığın möhkəmlənməsi və təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Həmişə olduğu kimi, qardaş ölkələrin nümayəndələri öz zəngin bilik və bacarıqlarını universitetimizin gənc əməkdaşları ilə bölüşməyə gəliblər. Medipol Xəstəxanalar Universiteti ilə Azərbaycan Tibb Universiteti və eyni zamanda, Tədris Cərrahiyyə Klinikası ilə əməkdaşlıq memorandumu imzalayıblar və memorandum çərçivəsində əməkdaşlığın davam etdirilməsi təqdirəlayiq haldır”.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Medipol Xəstəxanasına həsr olunmuş videoçarx izləniləndən sonra simpozium panel sessiyalarla işini davam etdirib. Tireoid paneli dosent Abbas Abbasov və professor Yaşar Özdenkayanın sədrliyi ilə keçirilib. Paneldə ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrah endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov “Qalxanabənzər vəzi əməliyyatlarında sinir monitorinqinin əhəmiyyəti”, “Baku Medical Plaza” xəstəxanasının endokrinologiya şöbəsinin müdiri Hidayət Məmmədzadə “Qalxanabənzər vəzi xəstəliklərinə ümumi endokrinoloji baxış”, professor Yaşar Özdenkaya “Qalxanabənzər vəzi xəstəliklərində robotik cərrahiyyə” mövzularında mühazirələrlə çıxış ediblər.
Simpoziumun ikinci hissəsi cinsiyyət vəziləri və böyrəküstü vəzdəki problemlərə həsr edilib. Həmin paneldə Murat Api “Qadın sonsuzluğunun ümumi dəyərləndirilməsi və müasir metodlarla müalicəsi”, professor Yaşar Özdenkaya “Böyrəküstü vəzi törəmələrinin cərrahi müalicəsi ” mövzusunda çıxış ediblər.
Simpoziumda məruzələr ətrafında müzakirələr olub.