İQTİSADİYYAT
Energetika Nazirliyi BP ilə Anlaşma Memorandumu imzalayıb
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Energetika Nazirliyi və BP şirkəti Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi üçün birlikdə potensial imkanları araşdırmaq məqsədilə Anlaşma Memorandumu imzalayıblar.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu memorandum Azərbaycan hökumətinin bu yaxınlarda ölkədə bərpaolunan enerji mənbələri üzrə normativ hüquqi bazanın formalaşdırılmasına başladığını bəyan etməsi kontekstində imzalanıb.
Energetika naziri Pərviz Şahbazov deyib: “Ölkəmizdə alternativ və bərpaolunan enerjinin istehsalını artırmaq, enerji təhlükəsizliyinin təminatında bu enerjinin rolunu gücləndirmək bu gün dövlət başçısı tərəfindən qarşıya qoyulan həlli vacib məsələlərdir. Bərpaolunan enerji sahəsinin inkişafı üçün hazırda beynəlxalq təcrübə öyrənilir, qanunvericilik bazası yaradılır, beynəlxalq şirkətlərlə məsləhətləşmələr aparılır. Bu gün imzalanmış sənədlə Azərbaycanın indiyə qədər bərpaolunan enerji mənbələri üzrə gördüyü işlər yeni inkişaf mərhələsinə daxil olacaq. İnanıram ki, BP ilə neft-qaz sahəsində möhkəm tərəfdaşlığa əsaslanan əməkdaşlıq təcrübəmiz bərpaolunan enerji sahəsində də faydalı olacaq və biz birlikdə təmiz enerjinin inkişafına töhfə verəcəyik”.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz isə bildirib: “Biz ölkədə bərpaolunan enerji mənbələri üzrə potensialı başa düşmək və birlikdə araşdırmaq üçün hökumətlə birgə işləməyə hazırıq və Azərbaycanda bərpaolunan enerji sektoru üçün planlaşdırılan bazanın yaradılmasını dəstəkləyirik. Biz 20 ildən artıqdır ki, dünya miqyasında bərpaolunan enerji mənbələri sektorunda fəaliyyət göstəririk və Azərbaycanla bölüşə biləcəyimiz böyük təcrübəmiz var. Bərpaolunan enerji mənbələrindən əldə edilən enerjinin dünyada ən sürətlə artan enerji forması olaraq qalacağı gözlənilir, çünki istifadə olunan enerji resursları tərkibcə az karbonlu mənbələrə doğru dəyişir. Bu yaxınlarda hökumətin bərpaolunan enerji mənbələri üzrə normativ hüquqi bazanın yaradılması barədə verdiyi bəyanatı alqışlayırıq və bu sahədə ölkənin səylərinə dəstək olmaq üçün bugünkü Anlaşma Memorandumunu imzalamaqdan məmnunuq”.
BP dünyada az karbonlu enerji mənbələrinə keçidlə bağlı gündəlikdə duran məsələlərin reallaşdırılmasına yardım etmək öhdəliyi götürüb və dünyanın atmosferə daha az tullantılar buraxmaq şərtilə daha çox enerji istehsal etmək səylərinə dəstək verir.
Bərpaolunan enerji sektorunun ilkin iştirakçılarından biri kimi “BP Alternative Energy” bu sahədə böyük təcrübəyə malikdir və bu gün o, üç platformada (bərpaolunan yanacaqlar, bərpaolunan enerji və bərpaolunan məhsullar) əhəmiyyətli portfelə sahibdir və əlavə imkanlar üzərində iş aparır.