İQTİSADİYYAT


Energetika Nazirliyi BP ilə Qarşılıqlı Anlaşma Memorandumu imzalaya bilər

Bakı, 29 noyabr, AZƏRTAC

BP ilə Energetika Nazirliyi arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalana bilər.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir Pərviz Şahbazov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycanda bərpaolunan enerji mənbələri sahəsində BP ilə əməkdaşlıq imkanları müzakirə edilib.

P.Şahbazov BP ilə neft-qaz sahəsində uzunmüddətli və səmərəli əməkdaşlığın alternativ enerji sahəsində də faydalı olacağını deyib. BP-nin rəqabətədayanıqlı dəyər yaratmaqla alternativ enerji mənbələrinə keçid prosesində rolunu, külək və günəş enerjisi ilə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Bərpaolunan enerji sahəsində hədəflərə nail olmaq üçün vaxt itirmədən fəaliyyətə başlamağın zəruriliyini vurğulayıb.

Q.Counz isə BP-nin “azkarbonlu gələcək” təşəbbüsünü təşviq edən öhdəliyindən bəhs edərək bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib. Bu potensialın reallaşdırılması ilə enerji təchizatının təhlükəsizliyinin artacağını, iqtisadiyyatın şaxələndirilməsinə töhfə veriləcəyini və qaz ehtiyatlarının daha yüksək marja ilə istifadəsinə imkan yaranacağını söyləyib.

BP-nin alternativ enerji biznesinin inkişafı üzrə məsul şəxsi Marco Candeloro, planlaşdırma və kommersiya üzrə rəhbəri Nayl Henderson tərəfindən “Azərbaycanda alternativ enerji imkanları” adlı təqdimat edilib. Bildirilib ki, bərpaolunan enerji mənbələri gələcəyin enerjisi kimi dünya enerji balansında mövqeyini getdikcə gücləndirir. Rəqabətqabiliyyətli olmağa başlayır. Proqnozlara görə, 2040-cı ilədək enerji tələbatındakı artımın 40 faizi bərpaolunan enerji mənbələri hesabına ödəniləcək. Paris Sazişini imzalamış ölkə kimi Azərbaycanın 2030-cu ilə qədər atmosferə atılan istixana qazlarının 35 faizini azaltmaq öhdəliyinin olduğu diqqətə çatdırılıb. Bərpaolunan enerjidən istifadənin genişləndirilməsinin bu öhdəliklərin icrasına kömək edəcəyi qeyd edilib.

Bərpaolunan enerji mənbələri sektorunun inkişaf etdirilməsində əməkdaşlıq etmək üçün birgə işçi qrupunun yaradılması və BP ilə Energetika Nazirliyi arasında Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması təklif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.