İQTİSADİYYAT


Energetika Nazirliyi: İyunda Texniki Şuralara 114 müraciət daxil olub

Bakı, 12 iyul, AZƏRTAC

Cari ilin iyun ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara sahibkarlar tərəfindən 114 müraciət daxil olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu müraciətlərdən 105-i təmin olunub, 9-u isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib. Ümumilikdə icra olunan müraciətlər əsasında sahibkarlar tərəfindən 1436,02 kilovat güc sifariş olunub və 355 min 527,51 manat qoşulma haqqı ödənilib. Bütün bu müraciətlər 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində yaradılmış Texniki Şuralar vasitəsilə qəbul edilib və icra olunub.

Qeyd edək ki, Energetika Nazirliyinin rəsmi saytında yaradılmış “Xidmətlər” bölməsində əhali və qeyri-əhali abonentlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları yerləşdirilib və bu da sifarişçilərin texniki şərtlərin alınması ilə bağlı qaydalarla tanış olmasını asanlaşdırır.

Xatırladaq ki, bu ilin may ayından başlayaraq sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosesinin müəyyənləşdirilmiş məbləğlər əsasında həyata keçirilməsinə başlanılıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli Qərarı ilə sahibkarların tələb olunan gücü 150 kilovata qədər (150 kilovat da daxil olmaqla, mövcud 0,4 kilovoltluq şəbəkədən) olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği təsdiq edilib. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində və ya istəyinə uyğun olaraq 12 gün müddətində qoşulmasına görə fərqli məbləğlərdə nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.