İQTİSADİYYAT


Energetika Nazirliyi: Mayda sahibkarlar tərəfindən Texniki Şuralara 167 müraciət daxil olub

Bakı, 7 iyun, AZƏRTAC 

May ayı ərzində sahibkarlar tərəfindən Texniki Şuralara 167 müraciət daxil olub.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu ilin may ayından etibarən sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması prosesinin müəyyənləşdirilmiş məbləğlər əsasında həyata keçirilməsinə başlanılıb. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 27 aprel tarixli 180 nömrəli Qərarı ilə sahibkarların tələb olunan gücü 150 kilovata qədər (150 kilovat da daxil olmaqla, mövcud 0,4 kilovoltluq şəbəkədən) olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasına görə qoşulma haqqı məbləği təsdiq edilib. Qoşulma haqqı sifarişçinin tikinti obyektinin enerji təchizatı şəbəkəsinə 24 gün müddətində və ya istəyinə uyğun olaraq 12 gün müddətində qoşulmasına görə fərqli məbləğlərdə nəzərdə tutulub.

Cari ilin may ayında sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən Texniki Şuralara sahibkarlar tərəfindən 167 müraciət daxil olub. Bunlardan 156 müraciət təmin olunub, 11 müraciət isə təqdim edilmiş sənədlərdəki uyğunsuzluqlar səbəbindən icra edilməyib. Ümumilikdə icra olunan müraciətlər əsasında sahibkarlar tərəfindən 1800,24 kilovat güc sifariş olunub və 504581,55 AZN qoşulma haqqı ödənilib.

Qeyd edək ki, Energetika Nazirliyinin rəsmi saytında yaradılmış “Xidmətlər” bölməsində əhali və qeyri-əhali abonentlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qaydaları yerləşdirilib. Bu da sifarişçilərin texniki şərtlərin alınması ilə bağlı qaydalarla tanış olmasını asanlaşdırır.

Hazırda 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində Texniki Şuralar fəaliyyət göstərməkdədir. Yaxın vaxtlarda digər regionlardakı “ASAN xidmət” mərkəzlərində də Texniki Şuraların işə başlaması nəzərdə tutulub. Sahibkarlıq obyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması prosedurları isə vahid pəncərə sistemi üzrə 7-dən 3-ə, elektrik şəbəkəsinə qoşulma müddəti isə 69 gündən 24 günə endirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.