İQTİSADİYYAT
Energetika Nazirliyi keçən il 344 hüquqi şəxsə lisenziya və icazələr verib
Bakı, 31 yanvar, AZƏRTAC
Energetika Nazirliyi tərəfindən 2017-ci ildə 344 hüquqi şəxsə idxal-ixrac üzrə müxtəlif lisenziya və icazələr verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin 2017-ci il üzrə “Yanacaq-energetika kompleksində fəaliyyətə dair” hesabatında deyilir.
Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq 2017-ci ildə 295 hüquqi şəxsə ixrac nəzarətinə düşən malların idxalına və 46 hüquqi şəxsə ixrac nəzarətinə düşən malların ixracına, 3 hüquqi şəxsə ixrac nəzarətinə düşən malların tranzitinə icazə verilib. Qaydalara uyğun olaraq icazə verilməsi üçün təqdim olunmuş sənədlərdə məlumatların, texniki göstəricilərin düzgünlüyü yerlərdə yoxlanılmış, xarici iqtisadi əlaqələrin həyata keçirilməsi üçün nəzərdə tutulmuş malların ixrac nəzarətinə düşən malların siyahısına uyğunluğu araşdırıldıqdan sonra malların idxalına icazə verilib.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə qızılın və digər qiymətli metalların hasilatı və emalı vasitələrinin dövriyyəsinə icazə verilib.
Təqdim edilən sənədlərin və verilmiş icazələrin reyestri aparılıb və icazələrə dair məlumatlar İqtisadiyyat və Vergilər nazirliklərinə və Dövlət Statistika Komitəsinə təqdim olunub.
Hazırda lisenziya ilə əlaqədar aidiyyəti işlər davam etdirilir. Lisenziya ilə bağlı Vergilər Nazirliyi, İqtisadiyyat Nazirliyi, müxtəlif inzibati orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən nazirliyə daxil olan sorğu və məktublar ətraflı araşdırılır və müvafiq məlumatlar göndərilir. Belə ki, sahibkarlıq fəaliyyətində yaranmış qeyri-qanuni hərəkətlərin müəyyən edilməsi və aidiyyəti üzrə lisenziyalaşdırma ilə əlaqədar bütün məsələlərlə bağlı müvafiq dövlət orqanları ilə qarşılıqlı və əlaqəli işlərin aparılması davam etdirilir.
Vətəndaş və təşkilatların elektron xidmətlərdən sadə, asan və sərbəst istifadəsini təmin etmək məqsədilə Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə müraciətlərin qəbulu və emalı prosesinin avtomatlaşdırılması, elektron xidmətə tələb olunan sənəd nümunələri, həmçinin elektron xidmətlərdən istifadə qaydaları haqqında dolğun və əhatəli məlumat nazirliyin rəsmi internet informasiya ehtiyatında yerləşdirilib.
“Lisenziya və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 26s nömrəli Sərəncamının icrası ilə bağlı Energetika Nazirliyinin “icazələrin verilməsi” üzrə informasiya ehtiyatının “Lisenziya və icazələr” portalına inteqrasiya edilməsi üçün işlər davam etdirilir və İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan “Lisenziya və icazələr” portalı fəaliyyətə başladıqdan sonra icazələrin portal vasitəsilə elektron qaydada verilməsinin həyata keçirilməsi təmin ediləcək.