İQTİSADİYYAT
Energetika Nazirliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Niyyət Protokolu imzalanıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Energetika Nazirliyində energetika nazirinin müavini Gülməmməd Cavadovla Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə Bank ilə əməkdaşlığın ölkəmizin enerji sahəsinə verdiyi töhfələr yüksək qiymətləndirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir müavini “Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi” üzrə görülən işlər barədə ətraflı məlumat verib. O vurğulayıb ki, sənəddə əksini tapan ən mühüm prioritet istiqamətlərdən biri enerji sektorunun effektiv şəkildə tənzimlənməsini əlaqələndirmək üçün mərkəzi orqanın yaradılmasıdır.
Görüşdə, həmçinin qeyd olunub ki, enerji üzrə müstəqil tənzimləyici orqanın təsis edilməsi ilə bağlı Avropa təcrübəsindən yararlanmağa ehtiyac var və bu prosesin sürətləndirilməsində AYİB-in dəstəyi çox vacibdir.
AYİB-in prezidenti Suma Çakrabarti təmsil etdiyi qurumun enerji sahəsində böyük təcrübəyə malik olduğunu, sərmayələrinin 30 faizinin məhz bu sahəyə yönəldildiyini və bankın gələcəkdə əsas məqsədlərindən birinin bu göstəricini 40 faizə yüksəltmək olduğunu diqqətə çatdırıb.
Suma Çakrabarti tənzimləyici orqanın yaradılması məsələsində ölkəmizə kömək göstərməkdə maraqlı olduqlarını, qurumun Energetika Nazirliyi ilə əməkdaşlığı məqsədə çevirdiyini vurğulayıb. Onun sözlərinə görə, iki qurum arasında imzalanacaq sənəd işbirliyini daha da gücləndirərək səmərəli fəaliyyəti təmin edəcək.
Görüşün sonunda Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycan Respublikasının Kommunal Xidmətlər sektorunda Strateji Yol Xəritəsi üzrə Əməkdaşlıq” barədə Niyyət Protokolu imzalanıb.