İQTİSADİYYAT
Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən keçən il 4211 müraciətə baxılıb
Bakı, 22 yanvar, AZƏRTAC
2020-ci ildə Energetika Nazirliyi, tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyində istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və təbii qaz təchizatı, istilik təchizatı, bərpaolunan enerji və digər məsələlərlə bağlı 4211 müraciətə baxılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 2849-u elektrik enerjisi, 651-i təbii qaz təchizatı, 12-i bərpaolunan enerji sahəsi, 53-ü istilik təchizatı, 646-sı isə digər məzmunlu məsələləri əhatə edib.
Müraciətlər əsasən enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, elektrik enerjisi və təbii qaz təchizatında yaranan fasilələr, qazlaşdırma, borc və cərimələr, sayğaclaşdırma, istilik təchizatı, işlə təminat və digər məsələlərə aid olub.
Bu müraciətlər Energetika Nazirliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyi tərəfindən müvafiq qaydada araşdırılaraq cavablandırılıb.
İl ərzində, həmçinin Energetika Nazirliyinin sosial şəbəkələrdəki hesabları vasitəsilə 100-dək müraciət daxil olub ki, həmin müraciətlər üzrə sorğular operativ qaydada cavablandırılıb, şikayət tipli müraciətlər isə Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən aidiyyəti üzrə araşdırılaraq icrası təmin edilib və vətəndaşlar bu barədə məlumatlandırılıb.