İQTİSADİYYAT
Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib

Bakı, 4 mart, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə enerji sahəsində müxtəlif istiqamətli layihələrə EBRD tərəfindən verilən dəstək yüksək qiymətləndirilib. P.Şahbazov enerji sektorunda aparılan islahatlar və yeni tendensiyalara uyğun prioritetlər üzrə EBRD ilə mövcud və perspektiv əməkdaşlıqdan bəhs edib. Bildirilib ki, bank ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda bərpa olunan enerji üzrə hərracların keçirilməsinə, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək layihələri ölkəmizin energetika sektorunun yeni mərhələdə inkişafına töhfə verir. EBRD ilə "Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” qanun layihəsinin və digər normativ-hüquqi sənədlərin hazırlanması istiqamətində sıx əməkdaşlıq edilir.
Y.Riqterink ölkəmizdə bərpaolunan enerji sahəsində görülən işləri və 2030-cu ilədək elektroenergetika sisteminin qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırılması ilə bağlı hədəfləri təqdir edib.
Görüşdə Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.