İQTİSADİYYAT


Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb

Bakı, 27 fevral, AZƏRTAC

Energetika nazirinin müavini Samir Vəliyevlə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının VI iclası çərçivəsində ölkəmizdə səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Enerji və Təbii Sərvətlər Bölməsinin Rusiya, Qafqaz, Mərkəzi Asiya üzrə direktoru Aida Sitdikovanın başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə EBRD ilə enerji sahəsində əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edilib. Bankın Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsində iştirakı yüksək qiymətləndirilib. Neft-qaz sektorunda əməkdaşlığın enerji sahəsində digər istiqamətlər üzrə əməkdaşlığa da yol açdığını deyən A.Sitdikova bərpaolunan enerji üzrə “ACWA Power” və “Masdar” şirkətləri ilə həyata keçirilən pilot layihələrinin icra vəziyyəti, şəbəkənin gücləndirilməsi ilə bağlı görülən işlərlə maraqlanıb.

Nazir müavini S.Vəliyev bildirib ki, sözügedən layihələr üzrə 7 işçi qrupu tərəfindən torpaq sahələrinin ayrılması, elektrik enerjisinin satınalınması, elektrik stansiyalarının elektrik enerjisi şəbəkəsinə qoşulması, layihələrin icrası ilə bağlı dövlət zəmanəti və digər müqavilələrin hazırlanması işləri görülür. Layihələr üçün torpaq sahələrinin ayrılması artıq yekunlaşmaq üzrədir. Sentyabrda isə tikinti fazasına başlanması planlaşdırılır. Həmçinin bərpaolunan enerji ilə bağlı yeni qanunun qəbulundan sonra yeni istehsal gücləri üzrə layihələrin hərraca çıxarılacağını deyən nazir müavini bu prosesdə EBRD ilə səmərəli əməkdaşlıq edildiyini bildirib.

Görüşdə bank ilə hərracların keçirilməsini tənzimləyən normativ hüquqi bazanın formalaşdırılması, bərpaolunan enerji layihələrinin dəstəklənməsi üçün şəbəkənin gücləndirilməsi üzrə görülən işlərdən də bəhs edilib. Bildirilib ki, layihə çərçivəsində cari ilin aprel ayından küləyin sürətinin ölçmə işlərinə başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.