İQTİSADİYYAT


Energetika Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq müzakirə edilib

Bakı, 23 yanvar, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov ilə Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz və Rusiya Federasiyası üzrə regional meneceri Yan van Bilsenin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Y.Bilsen təmsil etdiyi qurumun özəl sektora investisiyaların cəlb olunması, bu sektorun iqtisadiyyatda rolunun artırılması kimi diqqət yetirdiyi məsələlərdən bəhs edib. Bir çox ölkələrdə enerji sahəsində özəl sektorun inkişafı və islahatlarla bağlı təcrübələrindən çıxış edərək Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanla bu istiqamətdə əməkdaşlığa maraqlı olduğunu bildirib.

Energetika sektorunda həyata keçirilən islahatlar və bu məqsədlə yeni qanunvericilik bazasının hazırlanması barədə məlumat verən nazir P.Şahbazov bu qanunların tətbiqi üçün alt normativ hüquqi sənədlərin məsləhətçi dəstəyi ilə hazırlanmalı olduğunu qeyd edib. Bildirilib ki, “Energetika haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə də əməkdaşlıq edilə bilər.

Nazir bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin hökumətin prioritetlərindən olduğunu və pilot layihələrin ardınca hərracların planlaşdırıldığını, bu məqsədlə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq edildiyini diqqətə çatdırıb.

Görüşdə elektroenergetika sahəsində liberal bazar modelinə keçid, özəl investisiyanın cəlbi ilə yeni istehsal güclərinin yaradılması və dənizdə külək enerjisi üzrə perspektiv əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.