İQTİSADİYYAT
Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb
Bakı, 8 aprel, AZƏRTAC
Bu ilin ilk rübü ərzində Energetika Nazirliyində inzibati xətalarla bağlı 46 işə baxılıb. Bunlardan 22-si təbii qaz, 24-ü isə elektrik enerjisi ilə bağlı olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, təbii qazla bağlı 6 iş üzrə təqdim olunmuş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.
Energetika Nazirliyi tərəfindən Ağsu, Ağdaş, Cəlilabad, Lənkəran, Zaqatala və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 6 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 2 iş üzrə inzibati tənbehvermə haqqında qərar verilib. Səkkiz iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.
Rüb ərzində Quba, Mingəçevir, İmişli, Şabran, Qazax, Şəki və digər bölgələrdə aparılmış yoxlamalara əsasən, elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 11 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 9 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul olunub. Bundan əlavə, elektrik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə 2 iş üzrə, elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə isə 2 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib və bütün qərarların “ASAN ödəniş” sistemində yerləşdirilməsi təmin olunub.