İQTİSADİYYAT


Energetika Nazirliyinin Çağrı mərkəzinin fəaliyyətinin 4 ili tamam olur VİDEO

Bakı, 26 aprel, AZƏRTAC

Vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, daxil olan müraciətlərin çevik qəbulu və icrasının təmin edilməsi, energetika sahəsinə və nazirliyin səlahiyyətlərinə aid olan məsələlərə operativ baxılması məqsədilə 2018-ci il aprelin 27-də Energetika Nazirliyinin “974” Çağrı mərkəzi fəaliyyətə başlayıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Çağrı mərkəzi qanunvericiliklə verilən səlahiyyətlər çərçivəsində daxil olan müraciətlərin, o cümlədən ərizə, şikayət, sorğu, sual və təkliflərin qəbulu, baxılması və operativ cavablandırılması sahəsində müvafiq işlərin təşkilini həyata keçirir. Mərkəz Nazirliklə bərabər, Nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə ünvanlanmış müraciətləri də qəbul edərək mərkəzləşdirilmiş rejimdə fəaliyyət göstərir.

Vətəndaşlar Çağrı mərkəzinə qaz təchizatı, elektrik və istilik enerjisi, bərpa olunan enerji və digər məsələlərlə bağlı öz müraciətlərini ünvanlayır. Mərkəzdə müraciətlər dərhal qeydiyyata alınaraq, aidiyyəti üzrə icraçıya yönləndirilir. Müraciətlərə obyektiv və operativ şəkildə baxılır. Əsas məqsəd vətəndaşları yüksək həssaslıqla dinləmək, müraciətlərini qəbul etmək və yaranmış problemin həlli üçün dərhal tədbir görülməsinə nail olmaqdır.

Cari ilin aprel ayında “Media Təhlil Mərkəzi” İctimai Birliyi tərəfindən dövlət və özəl qurumların Çağrı mərkəzlərinin işinin qiymətləndirilməsi məqsədilə keçirilmiş sorğu nəticəsində Energetika Nazirliyinin Çağrı mərkəzinin fəaliyyəti on ballıq şkala üzrə 9-10 balla qiymətləndirilib. Sorğuda Çağrı mərkəzlərinin xidmət operativliyi, vətəndaşlarla danışıq səviyyəsi, suallara verilən cavablar və problemlərin həllinə obyektiv, düzgün yanaşma meyarları əsas götürülüb.

Çağrı mərkəzinin xidmətlərindən istifadə etmək üçün vətəndaşlar Bakı şəhəri üzrə “974”, bölgələrdən və ölkəmizdə mövcud olan bütün mobil operatorlardan “012 974”, həmçinin (012) 598-16-53, (012) 598-16-54, (012) 598-16-55 (Qaynar xətt) nömrələrinə zəng etməklə Çağrı mərkəzinə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.