İQTİSADİYYAT


Energetika Nazirliyinin təşəbbüsü ilə Finlandiyanın “Vartsila” korporasiyası Bakıda seminar keçirib

Bakı, 8 oktyabr, AZƏRTAC

Energetika Nazirliyinin təşəbbüsü, bir sıra dövlət qurumları və xarici ekspertlərin iştirakı ilə Finlandiyanın “Vartsila” korporasiyası tərəfindən “Ağıllı enerji/Gələcək enerji sistemi” mövzusunda seminar keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə PLEXOS modelləşdirmə proqramının imkanları və “Vartsila”nın 50-dən çox ölkədə proqram üzrə apardığı tədqiqatlardan bəhs edən təqdimatlarla çıxış edilib. Bildirilib ki, proqram ölkənin enerji sistemini optimallaşdırmağa, yanacağa qənaət etməyə və açılma risklərini minimallaşdırmağa kömək edir və hazırda dünyanın 30 ölkəsində tətbiq olunur. Gələcəkdə müasir tələblərə cavab verə biləcək enerji sisteminin planlaşdırılması, bərpaolunan enerji mənbələrinin payının artırılması yolları, dünyada son illərdə ənənəvi enerji növləri ilə müqayisədə bərpaolunan enerji növlərinin qiymətlərində müşahidə olunan enmə tendensiyasına dair təhlillər nəzərdən keçirilib.

Seminarda, həmçinin Azərbaycanda mövcud olan və gələcəkdə tikilməsi planlaşdırılan elektrik stansiyalarının istismarı və texniki xidməti üçün müxtəlif tipli xidmət proqramları barədə məruzələr edilib. “Vartsila” mühərriklərinin tətbiqi hesabına bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarında enerji istehsalının intensivliyinin təmin olunması üçün hibrid tipli elektrik stansiyalarının yaradılmasının əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, dünyanın 70 ölkəsində fəaliyyət göstərən “Vartsila” korporasiyası modul elektrik stansiyalarının tikilib istismara verilməsi, neft və qaz kompressor avadanlığı, ləvazimat, avtomatika və enerjipaylama sistemləri də daxil olmaqla, gəmiçilik sahəsi üçün avadanlıqlar istehsalında dünya liderlərindən biri hesab olunur. Azərbaycanda 12 ildir ki, fəaliyyət göstərən bu şirkət əsasən neft və qaz sənayesi, qaz-turbin tipli elektrik stansiyalarının quraşdırılması və onlara texniki dəstəyin göstərilməsi ilə məşğuldur. Şirkət tərəfindən 2005-2010-cu illərdə ölkəmizdə ümumi gücü 880 meqavat olan modul tipli elektrik stansiyalarının tikintisi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.