SİYASƏT
Energetika məsələləri üzrə məşhur ekspert, Azərbaycanın dostu Aleksandros Petersen Əfqanıstanda öldürülmüşdür VİDEO
Vaşinqton, 19 yanvar (AZƏRTAC). “The New York Times” qəzetinin verdiyi məlumata görə, Kabilin mərkəzində yerləşən restorana hücum zamanı 21 nəfər öldürülmüşdür. Həlak olanların arasında 13 əcnəbi vətəndaş, o cümlədən Azərbaycanın dostu, energetika sahəsində məşhur ekspert Aleksandros Petersen də vardır. Hücum “Taliban” terrorçuları tərəfindən təşkil edilmişdir. Terrorçular restorana soxularaq, oradakı insanları güllələmişlər. Aleksandros Petersen Əfqanıstana Kabildəki Amerika Universitetində “Politologiya” fənnindən dərs demək məqsədi ilə gəlmişdi.
Vudro Uilson adına Elmi Tədqiqat Mərkəzinin “Avropanın enerji təhlükəsizliyi təşəbbüsləri” proqramının böyük elmi məsləhətçisi kimi fəaliyyəti müddətində Aleksandros Petersen Azərbaycanın Qərb o cümlədən ABŞ üçün əhəmiyyəti haqqında amerika ictimaiyyətinin və siyasi dairələrin məlumatlandırılmasına böyük töhfə vermişdir.
Aleksandros Petersen keçən ilin noyabrında Azərbaycana səfəri çərçivəsində AZƏRTAC-ın qonağı olmuşdur. Ölkənin milli informasiya agentliyinin Baş direktoru Aslan Aslanovla görüşdə AZƏRTAC ilə Vudro Uilson adına Elmi -Tədqiqat Mərkəzi arasında əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton