Energetika naziri “Azərbaycan” İES-ə baş çəkib
AzerTAg.az
Bakı, 1 mart, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov “Azərenerji” ASC-nin qoyuluş güclərinin optimallaşdırılması və bərpası” Proqramı çərçivəsində “Azərbaycan” istilik elektrik stansiyasında (İES) görülən işlərlə yerində tanış olmaq üçün Mingəçevirə gedib. Nazirin iştirakı ilə “Azərbaycan” İES-in fəaliyyətinə baxış keçirilib, müzakirələr aparılıb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev “Azərbaycan” İES-də proqramda nəzərdə tutulan tədbirlərə uyğun olaraq görülən işlər barədə məlumat verib. Bildirib ki, 6 və 7 saylı enerji bloklarında turbin və qazanlarda əsaslı təmir işləri görülüb. Yenidənqurma çərçivəsində 6 və 7 saylı enerji blokları, 1 və 2 nömrəli əlaqə avtotransformatorlarının 550 kilovoltluq açıq paylayıcı qurğularında (APQ) olan istismar müddəti başa çatmış bütün avadanlıqlar yeniləri ilə əvəz edilib, müasir eleqaz açarları, ölçü transformatorları, yeni kabel kanalı və idarəetmə kabelləri quraşdırılıb. Bundan başqa, 330 kilovoltluq APQ-nin yenidənqurma işlərinə hazırlıq gedir və yeni idarəetmə mərkəzinin tikintisi davam etdirilir.
Xatırladaq ki, Energetika Nazirliyi tərəfindən Almaniyanın “Enerco/VPC” şirkətləri cəlb edilməklə və “Azərenerji”nin iştirakı ilə ötən ilin aprel-iyul aylarında elektrik stansiyalarında aparılmış araşdırmalar əsasında “Azərenerji” ASC-nin generasiya güclərinin optimallaşdırılması və bərpası” Proqramı hazırlanmış və icrasına başlanılıb.



Xəbərin mətnində orfoqrafik səhv var