İQTİSADİYYAT


Energetika naziri: Cənub Qaz Dəhlizi Azərbaycan qazının regional və beynəlxalq bazarlara fasiləsiz axınını təmin edir

Bakı, 22 fevral, AZƏRTAC

Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin sədrliyi ilə keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VI Sammitində Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazir iştirakçılara Azərbaycan Respublikası Prezidentinin salamlarını və VI Sammitin işə başlaması münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, enerji keçidi çağırışının rasional həlli təbii qazın enerji balansından çıxarılması ilə deyil, onun bu prosesdə körpü rolunun dəstəklənməsi ilə mümkündür. Bu kontekstdə qaz bazarı iştirakçılarının - istehlakçı və istehsalçı ölkələrin vizionu və koordinasiyalı fəaliyyəti bütövlükdə enerji bazarında sabitlik üçün əsas faktorlardan biridir.

Energetika naziri qaz ölkəsi kimi Azərbaycanın etibarlı təchizatçı və enerji təhlükəsizliyinin təminatında mühüm tərəfdaş kimi qəbul olunmasının əsasında doğru proqnozlaşdırmaya, beynəlxalq əməkdaşlığa və inkişafa hesablanmış, dünyadakı çağırışları çevik nəzərə alan, balanslaşdırılmış enerji siyasətinin dayandığını qeyd edib: “Biz enerji təhlükəsizliyi və ətraf mühit arasında balansın tərəfdarıyıq. Ona görə də ilk vaxtlardan enerji təchizatının yeni mənbəyi olarkən marşrutları və tədarük bazarlarını şaxələndirməklə bərabər, enerji balansında resursların da müxtəlifliyinə nail olmağa çalışmışıq. Hazırkı enerji böhranı da təsdiqləyir ki, bu, daha rasional yanaşmadır. XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi də bütün tərəflərin maraqlarının uzlaşdırılması və diversifikasiya siyasətinin məhsulu kimi bu gün Azərbaycan qazının regional və beynəlxalq bazarlara fasiləsiz axınını təmin edir”.

Çıxışda, həmçinin dünyanın enerji keçidində təmiz enerji resursu olaraq qaza artan ehtiyacının qarşılıqlı faydalı əməkdaşlıq əsasında təmin ediləcəyinə və GECF-nin bu prosesə töhfə verəcəyinə inam ifadə edilib.

Qeyd edək ki, sammitdə İran, Əlcəzair, Ekvatorial Qvineya və Mozambik prezidentlər, Liviya, Trinidad və Tobaqo Baş nazirlər, 12 ölkə isə nazirlər səviyyəsində təmsil olunub.

Sammitin yekununda Doha Bəyannaməsi qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.