İQTİSADİYYAT


Energetika naziri: Son 10 ildə elektrik enerjisinin istehsalı 39,7 faiz artıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Son 10 ildə elektrik enerjisinin istehsalında 39,7 faiz artım əldə edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika naziri Pərviz Şahbazov deyib.

Nazir qeyd edib ki, Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100 faiz nail ola bilib: “Energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son 10 ildə 2055,4 meqavat gücündə 23 yeni elektrik stansiyasının istismara verilməsi ilə ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7516,5 meqavata çatdırılıb. Elektroenergetika sistemində ümumi gücü 6237,7 meqavat olan 18 istilik elektrik stansiyası, 1278,8 meqavat gücündə isə su və digər bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyaları fəaliyyət göstərir. Reabilitasiya proqramı çərçivəsində “Azərbaycan” istilik elektrik stansiyası (İES) və digər elektrik stansiyalarının dayanıqlılığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyi yeni səviyyəyə yüksəlib. Ümumiyyətlə, son illər enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi isə aşağı düşüb. Son 10 ildə elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilərin 22,4 faizdən 10,2 faizədək, 1 kilovat/saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin isə 305,6 qramdan 263,4 qrama qədər azaldılmasına nail olunub”.

P.Şahbazov deyib ki, respublikanın energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 25133,5 meqavat/amper olan 110-500 kilovoltluq 228 yarımstansiya fəaliyyətdədir: “Yeni istehsal güclərinin yaradılması hesabına son 10 ildə elektrik enerjisinin istehsalında 39,7 faiz artım əldə edilib. Ölkənin inkişafı, əhalinin artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq elektrik enerjisinin istehlakı 58,3 faiz artıb. 2019-cu ildə elektrik enerjisinin istehsalı 26,1 milyard kilovat/saat, istehlakı isə 21,6 milyard kilovat/saat təşkil edib. COVID-19 pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb. Belə ki, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz azalaraq 19,4 milyard kilovat/saat təşkil edib. Qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.