İQTİSADİYYAT


Energetika sahəsində Azərbaycan-Britaniya əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Bakı, 9 iyun, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarpla görüşüb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri və gələcək perspektivlər istiqamətində müzakirələr aparılıb.

Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının protokolunun icrasının gedişi müzakirə edilib, protokolda nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi işlərinin təşkili ətrafında fikir mübadiləsi aparılıb. Cari ilin may ayında fəaliyyətə başlamış Britaniya ticarət palatasının fəaliyyətinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

Nazir iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyini, mövcud əməkdaşlığın qlobal enerji sektorunun çağırışlarına uyğun yeni inkişaf mərhələsinə daxil olduğunu bildirib. Energetika Nazirliyi ilə Birləşmiş Krallığın Beynəlxalq Ticarət Nazirliyi arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair imzalanmış anlaşma memorandumu, eyni zamanda, BP şirkəti ilə iri miqyasda karbonsuzlaşdırılmış, inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri sahəsində imzalanmış anlaşma memorandumu və Zəngilan/Cəbrayıl zonasında 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair imzalanmış İcra Müqaviləsinə müvafiq olaraq atılacaq növbəti addımlar qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.