RƏSMİ SƏNƏDLƏR


Energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması tədbirləri haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, energetika sisteminin təkmilləşdirilməsi və elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə qərara alıram:

1. Energetika sisteminin təkmilləşdirilməsi, əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən birgə tərtib edilmiş Reabilitasiya Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün 40,0 (qırx) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin