İQTİSADİYYAT
“Energetiklər şəhəri” mötəbər yarişlara hazırlaşır
Bakı, 12 aprel, AZƏRTAC
İyunun 12-dən 28-dək keçiriləcək Birinci Avropa Oyunlarına paytaxt Bakı ilə yanaşı, Mingəçevir də ev sahibliyi edəcək. Bununla əlaqədar şəhərdə genişmiqyaslı hazırlıq işləri aparılıb.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 24 yaşayış binasını qidalandıran naqillərin 3 min metri yeni SİP kabellə əvəzlənib, 6 kilovoltluq( kV) hava xətlərində 4 kilometr naqil dəyişdirilib. Qırx bir transformator məntəqəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib və 5 min metr hava xətti yeraltı kabel xətti ilə əvəzlənib. 110/35/6 kV-lik “Şəhər” yarımstansiyasından çıxan və “Karxana” yarımstansiyasını qidalandıran 35 kV-lik hava xəttinin dirəkləri və xətti tamamilə yenilənib. Açıq tipli yarımstansiyalar qapalı tipli yarımstansiyalarla əvəz olunub. Bəzi transformatorların, yarımstansiyaların çəpərlənmə səviyyəsi normal vəziyyətə gətirilib. Yarışlar zamanı Mingəçevirin elektrik enerjisi ilə yüksək səviyyədə təminatı da diqqətdən kənarda qalmayıb. Hazırda “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə (OTİM) yeni xətt çəkilir.
Qeyd edək ki, ötən əsrin 60-cı illərinin ortalarında təməli qoyulmuş “Kür” Olimpiya Tədris-İdman Mərkəzi uzun illər Avropada və MDB məkanında analoqu olmayan bir idman şəhərciyi idi. Su idmanının inkişafında onun müstəsna xidmətləri olub və Mingəçevir respublikamızın bu idman növü üzrə mərkəzi sayılıb. 2004-cü ildə Prezident İlham Əliyevin Mingəçevirə səfəri şəhərin digər sahələri kimi, bu idman mərkəzinin gələcək taleyində mühüm rol oynayıb. Dövlətimizin başçısı mərkəzin müasir tələblərə uyğun yenidən qurulmasına dair Sərəncam verib. Həmçinin Milli Avarçəkmə Federasiyasının yaradılması ilə bu idman növünün dirçəliş dövrü başlayıb. Beynəlxalq standartlara uyğun olaraq yenidən qurulan “Kür” Olimpiya Tədris-İdman Mərkəzi 2010-cu ildə istifadəyə verilib və bununla da şəhərdə yerli və beynəlxalq miqyaslı avarçəkmə yarışları geniş vüsət alıb.