İQTİSADİYYAT


“Energocredit” - dayanıqlı enerji maliyyələşdirmə mexanizmidir

Bakı, 25 noyabr, AZƏRTAC

“Four Seasons” otelində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dayanıqlı enerji maliyyələşdirmə mexanizmi – “Energocredit” layihəsinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi bankın müştəriləri arasında dayanıqlı enerji sərmayələrini təşviq etmək üçün yerli maliyyə institutlarına dəstək olmaq, habelə özəl biznes və təsərrüfatlara bu yanaşmaların texniki və maliyyə üstünlüklərini nümayiş etdirməkdir.

Tədbirdə AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Nil MakKeyn, Avstriya Maliyyə Nazirliyinin meneceri Leander Treppel layihə ilə bağlı ətraflı məlumat verdilər. Bildirildi ki, layihə kredit sənaye müəssisələrində və mənzillərdə enerji sərfiyyatını azaldacaq, bərpa olunan enerji ehtiyatlarından daha geniş istifadəyə zərurət yaradacaq. Bu, AYİB-in Qafqaz Regionunda Enerji Səmərəliliyi Proqramının (QESP) bir hissəsidir.

N.MakKeyn Qafqazda enerji səmərəliliyini artırmaq məqsədilə tərəfdaş banklara 125 milyon dollarlıq kredit xəttinin açılmasına nail olduqlarını bildirərək dedi: “Avropa Bankı yerli banklara, şirkətlərə və ev təsərrüfatlarına dəstək olmaq üçün beynəlxalq məsləhətçilər heyətini cəlb edib. Bu dəstək şirkətlərə və ev təsərrüfatlarına aşağı keyfiyyətli avadanlıq və materialların daha qənaətli və yüksək göstəricilərə malik cihazlarla əvəzlənməsi imkanı verir.”

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Anna Malena Mard isə “Energocredit”in digər üstünlüklərindən danışarkən qeyd etdi ki, bu layihə Azərbaycanda enerji sahəsində qənaətin artırılmasına dəstək olacaq. “Energocredit” enerji səmərəliliyini və bərpa olunan enerjidən istifadəni genişləndirmək məqsədilə orta ölçülü layihələri (2 milyon 500 min ABŞ dollarınadək) maliyyələşdirir. Nümayəndəliyin rəhbəri xüsusi vurğuladı ki, şirkətlərdə enerji istehlakının azaldılması istiqamətində düzgün tədbirlərin seçilməsi üçün beynəlxalq ekspert qrupu pulsuz audit keçirir. Verilmiş məsləhətlər tətbiq olunduğu təqdirdə şirkət kredit məbləğinin 15 faizini nağd ödənişlə geri alır.

Artıq üç yerli bank – “Dəmirbank”, “Accessbank” və “Muğanbank” bu proqramdan istifadə etməyə başlayıb. “Unibank” da layihəyə qoşulmaqda maraqlı olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.