İQTİSADİYYAT


Enerji Məsələlərini Tənzimləmə Agentliyi qaz sayğaclarının dövlət yoxlanılmasının monitorinqinə başlayıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Avqustun 10-dan etibarən “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində təbii qaz sayğaclarının dövlət yoxlanılmasını həyata keçirən mühəndislərin işi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) mütəxəssisləri tərəfindən monitorinq edilir.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Energetika Nazirliyinin müvafiq əmri ilə monitorinqlərin aparılması məqsədilə nazirlik, AERA və “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşlarından ibarət işçi qrupu yaradılıb.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Enerji tənzimləmə və monitorinq departamentinin direktoru Pərviz Əliyev bildirib ki, agentliyin mütəxəssisləri tərəfindən monitorinqin aparılmasında məqsəd “Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentinin nəzdində fəaliyyət göstərən “Sayğacların müayinəsi laboratoriyası”nın “Sayğacların ekspertizası şöbəsi”nin və “Sayğacların təmiri və xidmət sahəsi”nin işinin daha aşkar şəkildə təşkil edilməsidir.

O qeyd edib ki, AERA energetika sahəsində vətəndaşların hüquqlarının və qanuni mənafelərinin qorunması üçün sayğacların sınağı, onlara texniki baxışın keçirilməsi, istismar vəziyyətinin yoxlanılmasında iştirak edir və bu nəticələrin obyektiv qiymətləndirilməsi və sənədləşdirilməsini aparır.

P.Əliyevin sözlərinə görə, monitorinq prosesi zamanı şəffaflığın qorunması məqsədilə, agentliyin mütəxəssisləri laboratoriya otaqlarına sərbəst daxil olur, yoxlamanın bütün mərhələlərində məhdudiyyət olmadan monitorinq aparır. Monitorinq vətəndaşların hüquqlarının qorunması baxımından da əhəmiyyət daşıyır.

O bildirib ki, monitorinq qaz təchizatı prosesində istehlakçıların hüquqlarının qorunması, və daha əvvəl də qeyd etdiyim kimi, şəffaflığın artırılması məqsədilə aparılır. Ən əsası isə istehlakçı öz arzusu ilə sayğacların dövlət yoxlanılmasını həyata keçirən laboratoriyaya gələrək prosesdə iştirak edə bilir. Bu monitorinqlərin mərkəzində istehlakçı məmnuniyyəti dayanır.

Agentlik istehlakçı məmnuniyyətini artırmaq üçün qaz təchizatı sahəsində xidmət keyfiyyətinin yüksəldilməsinə nəzarət edir, istehlakçılardan daxil olan müraciət və şikayətlərə vaxtında baxır və mütəmadi olaraq bu barədə ictimaiyyəti məlumatlandırır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.