İQTİSADİYYAT


Enerji sistemində 16 milyard 384,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

Bakı, 16 oktyabr, AZƏRTAC

2017-ci ilin 9 ayı ərzində enerji sistemində 16 milyard 384,5 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 229,1 milyon kilovat-saat çoxdur.

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında həm sovet dövründə, həm də müstəqillik illərində formalaşdırılan elektroenergetika infrastrukturu Azərbaycan Respublikasının bugünkü enerji təhlükəsizliyi üçün mühüm təməl olub.

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi mütərəqqi sosial-iqtisadi islahatlar nəticəsində enerji sisteminin dayanıqlılığı daha da gücləndirilib, elektrik enerjisinə artan tələbat tam təmin edilməklə yanaşı, ölkəmiz enerji ixracatçısına çevrilib.

Hazırda “Azərenerji” ASC-nin bütün istehsal müəssisələrində “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyənləşdirilmiş prioritetlərin icrası istiqamətində zəruri tədbirlər həyata keçirilir. Bu tədbirlər elektrik stansiyalarının səmərəliliyinin artırılmasına və mövcud potensialdan əlverişli istifadə olunmasına yönəldilib.

Yeni enerji obyektlərinin tikintisində müasir texnologiyaların tətbiqi nəticəsində enerji sistemində təkcə kəmiyyət baxımından deyil, eləcə də keyfiyyət baxımından ciddi inkişafa nail olunub. Elektrik stansiyalarının faydalı iş əmsalı artırılıb, ekoloji təmizlik prinsiplərinə əməl edilib.

Cənubi Qafqaz regionunun ən böyük istilik elektrik stansiyası, o cümlədən ölkəmizin ən böyük enerji istehsalçısı olan “Azərbaycan” İstilik Elektrik Stansiyası (İES) ötən ili uğurla yekunlaşdırdığı kimi, cari ilin 9 ayını da diqqətəlayiq texniki-iqtisadi göstəricilərlə başa vurub. Belə ki, cari ilin 9 ayında burada 6 milyard 286,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin eyni dövründəki göstəricidən 1 milyard 547,3 milyon kilovat-saat çoxdur.

Qeyd edək ki, ötən illə müqayisədə cari ilin 9 ayında elektrik enerjisinin istehsalında Astara Elektrik Stansiyasında (ES) 22,1 milyon kilovat-saat, Xaçmaz ES-də 10,2 milyon kilovat-saat, Bakı ES-də 25,6 milyon kilovat-saat, Səngəçal ES-də 58,4 milyon kilovat-saat, “Şahdağ” ES-də 44,2 milyon kilovat-saat artım olub. Su elektrik stansiyaları üzrə ən yüksək göstərici 12,4 milyon kilovat-saat olmaqla, Mingəçevir SES-də qeydə alınıb.

Elektrik enerjisinin istehsalı üzrə bütün sahələrin normal fəaliyyətini davam etdirməsi üçün tərtib edilmiş təmir qrafikinə uyğun olaraq, stansiyalarda 9 ay ərzində müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Bundan əlavə, köməkçi istehsalat sahələrində avadanlıq, bina və qurğularda təmir-profilaktika işlərinin aparılması təmin edilib.

Yanğına qarşı təhlükəsizlik tədbirləri də daim diqqət mərkəzindədir. Bununla əlaqədar, daxili yanğınsöndürmə su xətləri və nasosxana, həmçinin avtomatik yanğınsöndürmə sistemləri işlək vəziyyətə gətirilib, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilib, aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb. Ümumiyyətlə, müntəzəm olaraq yanğın təhlükəli obyektlərə baxış keçirilir və aşkar edilən ən xırda nasazlıqlar da aradan qaldırılır, mütəmadi olaraq yanğına qarşı əks-qəza məşqləri keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.