ELM VƏ TƏHSİL


Enerjinin ötürülməsi və satışını özündə birləşdirən elektrik peşəsi

Bakı, 31 yanvar, Aysel Azad, AZƏRTAC

Elektrik peşəsi enerjinin istehsalı, ötürülməsi və satışını özündə birləşdirir. Hər il onlarla fərdi yaşayış sahəsində yanğınların şahidi oluruq. Bunun əsas səbəblərindən biri də elektrik qurğularının standartlar daxilində qurulmamasıdır.

AZƏRTAC-ın əməkdaşı gənclərə elektrik kimi karyeralarını uğurla qurmağa imkan verən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.

Mərkəzdə elektronik texnika 4 bölmə üzrə 2019-cu ildən tədris olunur. Digər peşələrdən fərqli olaraq burada tədris birillik, üçillik və dördillikdir. Tam orta təhsildən müraciət edən tələbələr birillik və üçillik qruplarda, 9-cu sinifdən gələn tələbələr isə dördillik qruplarda təhsil alırlar.

Müəllim Elnur Məmmədovun sözlərinə görə, mərkəzdə tədrisə başlamazdan əvvəl 3 ay Koreyada təlimlərdə iştirak ediblər: “Burada subbakalavr və peşə təhsili diplomu verilir. Dərslərin 70 faizi praktiki olduğu üçün tələbələrin marağı yüksəkdir. Birillik qruplarda təhsil alan tələbələr fevral və mart ayının ortalarından elektrik şəbəkələrinə göndərilirlər. Burada fəaliyyət göstərən karyera mərkəzi tələbələri müəssisələrə 4-5 aylıq istehsalat təcrübəsinə göndərir”.

Mərkəz işlə təmin olunmaq baxımından da tələbələrə dəstək olur. Belə ki, buraxılış imtahanında müxtəlif müəssisələrdən gələn nümayəndələr tələbələri işə cəlb edirlər: “Bununla yanaşı, dərsdən sonra könüllü şəkildə qalıb işləyən tələbələrimiz də var. Həmçinin mərkəzdə 3 aylıq kurslar təşkil edilir. Azərbaycan Texniki Universiteti, Azərbaycan Neft və Sənaye Universitetindən tələbələr bu kurslarda iştirak edirlər. Kursu uğurla bitirən iştirakçılara sertifikat verilir”.

Birillik qrupda təhsil alan tələbələr 18-35 yaş aralığındadır. 35 yaşlı tələbə İmran Mustafayev tələbə yoldaşlarından fərqli olaraq bu sahədə daha təcrübəlidir: “Ailəvi olaraq elektrikik. 17 ildən artıqdır ki, bu sahədə çalışıram. Təhsilimi artırmaq üçün bura üz tutmuşam. Hazırda tikinti şirkətlərindən birində işləyirəm. Burada yeni məlumatlar öyrənirəm”.

18 yaşlı Məhəmməd Hüseynzadə öz istəyi ilə bu peşəyə gəlib. Bu sahəyə marağı olan Məhəmməd gələcəkdə ixtisaslaşmış kadr olmağı hədəfləyir.

Dördillik qrupların müəllimi Azər Babayev deyir ki, bu qrupa əsasən orta məktəb göstəriciləri yüksək olan tələbələr qəbul olurlar. Hazırda bu qrupda 17-20 yaş aralığında tələbələr təhsil alırlar: “Tədrisə ən sadə elektrotexnikadan məlumat verməklə başlayırıq. Növbəti mərhələ elektrik stansiyaları, elektrik avadanlıqları haqqında dərslər tədris olunur. 9 illik tədrisə sənaye və mülki binalarda elektrik avadanlıqlarının istismarı üzrə elektrik montyoru yetişdirilir. Amma birillik qruplarda isə yalnız elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru yetişdiririk”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.