İQTİSADİYYAT


“Enterprise Azerbaijan” portalı Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlıq edəcək

Bakı, 2 avqust, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının nümayəndələri, eləcə də portalda yeni innovativ layihələr təqdim edən gənclərlə görüş olub.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, məqsəd gənc startapçıların daha çox uğur qazanması üçün Dövlət Məşğulluq Xidməti ilə “Enterprise Azerbaijan” portalının əməkdaşlığının dərinləşdirilməsidir. Müzakirə zamanı “Enterprise Azerbaijan” portalına daxil olan startap layihələri təqdim olunub. Bu layihələrin Dövlət Məşğulluq Xidmətinin həyata keçirdiyi özünüməşğulluq və digər proqramlar çərçivəsində dəstəklənməsi imkanları müzakirə edilib.

Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev xidmətin gənclərlə bağlı həyata keçirdiyi aktiv məşğulluq tədbirlərini diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan və ildən-ilə genişləndirilən özünüməşğulluq proqramından bəhs edib, proqram əsasında gənclərin də kiçik biznesə çıxışının dəstəkləndiyini vurğulayıb.

F.Musayev özünüməşğulluq proqramı çərçivəsində ötən il 6 min ailənin mikro və kiçik biznesə başlaması üçün aktivlərlə təmin edildiyini, cari ildə bu sayın 10 minə çatdırılmasının nəzərdə tutulduğunu deyib. Qeyd edib ki, vətəndaşların özünüməşğulluq proqramına marağı böyükdür. Təkcə bu ilin 6 ayında proqrama 45 minədək müraciət olunub.

Xidmət rəisi gənclər tərəfindən “EnterpriseAzerbaijan.com” portalına daxil edilən və özünüməşğulluq proqramının tələblərinə uyğunluq təşkil edən startap layihələrinin bu proqram çərçivəsində reallaşdırılması məsələsinə baxıla biləcəyini bildirib. F.Musayev ümumilikdə gənclərin innovativ layihələrinin dəstəklənməsi sahəsində Dövlət Məşğulluq Xidməti və “Enterprise Azerbaijan” portalı arasında əməkdaşlığın həyata keçirilməsinin önəmini diqqətə çatdırıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn təmsil etdiyi qurumunun operatoru olduğu “EnterpriseAzerbaijan.com” portalına daxil olan startap layihələrinin göstərdiyi diqqətə görə təşəkkür edərək bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən yaradılan portalın missiyası investisiya layihələrinin, aktivlər, təbii resurslar və investisiya imkanları haqqında məlumatların xarici və yerli investorlara təqdim edilməsi, startapların inkişafına töhfə verməkdən ibarətdir. Bu baxımdan portalda yerləşdirilən startap layihələri həm də Dövlət Məşğulluq Xidmətinə təqdim olunur və bu sahədəki yeni əməkdaşlıq imkanları ölkəmizdə məşğulluğun artmasına, gənclərin yaratdığı innovativ startapların uğur qazanmasına xidmət edəcək. Onun sözlərinə görə, portal Dövlət Məşğulluq Xidməti tərəfindən dəstək alan layihənin məkan təminatını da öz üzərinə götürə bilər.

Sonra müzakirədə iştirak edən startapçı gənclər fəaliyyət göstərdiyi sahələr və təqdim etdikləri layihələr barədə məlumat veriblər. Dövlət Məşğulluq Xidmətinin nümayəndələri startapçıları maraqlandıran sualları cavablandırıblar.

Sonda iki qurum arasında əməkdaşlığın dərinləşdirilməsi və görüşlər mütəmadi keçirilməsi barədə razılıq əldə olunub. Dövlət Məşğulluq Xidmətinin nümayəndələri hər bir startapçının təqdim etdiyi layihənin ətraflı öyrəniləcəyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.