İQTİSADİYYAT


“Enterprise Azerbaijan” portalının "StartUp School" layihəsinin məzun günü olub

Bakı, 19 may, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Enterprise Azerbaijan" portalı ilə ABŞ-ın Nevada Universitetinin Özmən Sahibkarlıq Mərkəzinin birgə təsis etdiyi "Startup School" layihəsinin ilk məzun günü olub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilmiş mərasimdə dövlət rəsmiləri və hökumət nümayəndələri, Milli Məclisin deputatları, startap ekosisteminin fəalları, xarici ölkələrdən gəlmiş qonaqlar, özəl sektorun təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Məzun gününün rəsmi açılışında İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Özmən Sahibkarlıq Mərkəzinin direktoru Mehmet Tosun və "Enterprise Azerbaijan" portalının rəhbəri Mətanət Musayeva çıxış ediblər. Çıxışçılar layihə barədə ətraflı məlumat veriblər, müsabiqəyə təqdim edilmiş startapların uğurlu olduğunu qeyd ediblər.

Mərasimdə müsabiqəyə təqdim olunmuş və sonuncu mərhələyə qədər gəlib çıxmış layihələrin müəllifləri öz startapları barədə təqdimatlar ediblər. Bu təqdimatlar əsasında münsiflər heyəti qalibləri müəyyən edib.

Daha sonra qalib layihələr elan olunub. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilk üç yerin sahiblərinə diplomlar və mükafatlar təqdim ediblər. Həmçinin, "Ən yaxşı ideya" nominasiyanın qalibi də müəyyənləşib. Bu yerin sahibinə isə mükafatı KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov təqdim edib. Ümumilikdə, "StartUp School"un bütün məzunları beynəlxalq səviyyəli iştirakçı sertifikatları ilə təltif olunublar.

Mərasimdə İİTKM-in icraçı direktoru Vüsal Qasımlı "StartUp School"un təlimçilərinə - Matt Vestfield (ABŞ), Pavel Pietrasienski (Polşa), Melike Aktaş Bozkurt (Türkiyə), Koren Maor (İsrail) və Fərid İsmayılova (Azərbaycan) sertifikatlar verib. Mərkəzin rəhbəri bağlanış çıxışında "StartUp School" layihəsinin öz məqsədinə çatdığını və startap ekosisteminə özünəməxsus töhfələr verdiyini bildirib.

Qeyd edək ki, "StartUp School" layihəsi Azərbaycanda startap ekosisteminin inkişafına dəstək vermək, yerli startapçıların qlobal tendensiyalara inteqrasiyasını sürətləndirmək, innovasiyaları inkişaf etdirmək üçün gənc startapçıları nəzəri və təcrübi biliklərlə təmin etmək, daha çox gəncin ideyalarını reallığa çevirmək, gənclərə innovativ sahibkarlıq ruhunu və mədəniyyətini aşılamaq, startapların yerli və xarici investorların diqqətinə çatdırılmasına yardım etmək və beləliklə, kiçik və orta biznesin böyüməsini stimullaşdırmaq məqsədilə təsis olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.