DÜNYA


Entoni Fauçi: ABŞ-da COVID-19 koronavirusuna yoluxma hallarının sayı gündə 100 minə çata bilər

Vaşinqton, 1 iyul, AZƏRTAC

ABŞ-da yoluxucu xəstəliklər üzrə aparıcı ekspert olan doktor Entoni Fauçi çərşənbə axşamı Senat komitəsində çıxışında bəyan edib ki, Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı yekun nəticədə gündə 100 minə çata bilər. ABŞ Senatının səhiyyə, təhsil, əmək və pensiyalar üzrə komitəsində dinləmələrdə çıxış edən doktor Fauçi Ağ evin koronavirusla mübarizədə hədəf qrupunun digər üzvləri ilə birgə bildirib ki, Birləşmiş Ştatlar hazırda pandemiya üzərindəki vəziyyətə nəzarət etmir.

AZƏRTAC xəbər verir ki, doktor Fauçi son günlər ərzində qeydə alınan yoluxma hallarının sayının iki dəfə arta biləcəyini vurğulayıb. O deyib: “İndi bizdə hər gün 40 mindən artıq yoluxma halı qeydə alınır. Bu rəqəm gündəlik 100 minədək qalxarsa, mən təəccüblənmərəm. Mən buna görə olduqca narahatam”.

Fauçi, həmçinin bildirib ki, koronavirus əleyhinə təsirli vaksin yaxın gələcəkdə işlənib hazırlanacaq. Ekspert bəyan edib ki, o, müəssisələrin və ictimai təşkilatların fəaliyyətinin bərpasına çox tez icazə verilən Texas, Florida və Arizona ştatlarında yoluxma hallarının sayının sürətlə artmasına görə çox narahatdır.

İyunun 30-na olan məlumata görə, ABŞ-da 2,7 milyon yoluxma halı qeydə alınıb, 130 min nəfər bu xəstəliyin qurbanına çevrilib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.