MƏDƏNİYYƏT
Envera Selimoviç: Azərbaycanın gələcəyi üçün təhsil və turizm vacib amillərdir
Bakı, 28 sentyabr (AZƏRTAC). Gələcəkdə ölkənizin gözəlliyini saxlayan, onu dünyada tanıdan Azərbaycan Turizm İnstitutunun tələbələri olacaqlar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində BMT-nin Azərbaycandakı təmsilçiliyinin ictimai informasiya üzrə nümayəndəsi xanım Envera Selimoviç demişdir. Bildirmişdir ki, gözəl təbiətə, zəngin potensiala malik Azərbaycanda turizm sənayesi inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sahədə xeyli işlər görür və ölkə ictimaiyyəti turizmin inkişafının vacibliyini anlayır. Lakin unutmaq olmaz ki, beynəlxalq standartlara uyğun xidmət göstərilməsində peşəkar kadrlara həmişə ehtiyac duyulur. Bu baxımdan Azərbaycan Turizm İnstitutunun əhəmiyyəti böyükdür.
BMT-nin təmsilçisi qeyd etmişdir ki, Azərbaycanın gələcəyi üçün təhsil və turizm vacib amillərdir. Turizm insanı, onun inanclarını dəyişdirir, onda yeni fikir formalaşdırır, ölkələr haqqında yayılmış əfsanələri dağıda bilir. İnsanların səfərdə olduqları ölkələrdən aldıqları təəssüratın ömrü uzun olur. Turizm sahəsinin gələcək mütəxəssisləri xarici dillərə yiyələnməli, müasir texnologiyaları öyrənməli, Avropa ölkələrinin təcrübələrindən bəhrələnməlidirlər.