“Equinor”un bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq imkanları müzakirə edilib
AzerTAg.az

Vyana, 21 iyun, AZƏRTAC
Norveçin “Equinor” şirkətinin bərpaolunan enerji sahəsində Azərbaycanla əməkdaşlıq imkanları müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Vyanadakı Hofburq sarayında keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) “Neft - dayanıqlı gələcək üçün əməkdaşlıq” mövzusunda VII beynəlxalq seminarı çərçivəsində iyunun 21-də “Equinor” şirkətinin qlobal strategiya və biznesin inkişafı üzrə vitse-prezidenti Əl Kuk ilə görüşüb.
Görüşdə Cənub Qaz Dəhlizi və TANAP boru kəmərinin açılışının əhəmiyyətindən danışılıb. TANAP layihəsinin nəzərdə tutulandan da az vəsaitlə həyata keçirilməsi təqdir edilib. Bu yaxınlarda Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənməsi, Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı və işlənməsi ilə bağlı imzalanmış sazişlər neft-qaz sahəsində əməkdaşlığın inkişafında mühüm hadisələr kimi qiymətləndirilib. Şirkətin bərpaolunan enerji sahəsində yeni fəaliyyət istiqaməti çərçivəsində Azərbaycanla əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Xəbərin mətnində orfoqrafik səhv var