ELM VƏ TƏHSİL
Eramızdan əvvəl IX-VIII əsrə aid edilən nekropolda uğurlu arxeoloji tədqiqatlar aparılır
Bakı, 5 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan şəhəri və Goranboy rayonu ərazisində arxeoloji tədqiqatlar aparır.
Ekspedisiyanın rəhbəri, Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Müzəffər Hüseynov AZƏRTAC-a bildirib ki, tədqiqatlar nəticəsində 20-dən artıq kurqan və iki yaşayış yeri qeydə alınıb.
Ekspedisiya, həmçinin Goranboy rayonunun Tatarlı kəndi ərazisindəki Muncuqlu təpə ilk dəmir dövrünə aid nekropolda arxeoloji tədqiqatları davam etdirib. Nekropol 2007-ci ildə qeydə alınıb və sonrakı illərdə səkkiz qəbir tədqiq edilib. Nekropolun tutduğu ərazi iki hektara yaxındır. Nekropolda bu il daha dörd qəbirdə arxeoloji tədqiqatların aparılması planlaşdırılır. Üç qəbirdə tədqiqatlar yekunlaşmaq üzrədir. Bu günədək mühüm elmi nəticələr əldə edilib. Belə ki, qəbirlərdə aşkarlanan skeletlərin ətrafından 19 ədəd saxsı qab, 200-dən artıq çox zövqlə hazırlanmış bəzək əşyası, muncuqlar, metaldan hazırlanmış bıçaq, iynə və digər maddi-mədəniyyət nümunələri aşkarlanıb. Saxsı qablar zövqlə hazırlanmış qara cilalı və ağ xüsusi maddə ilə inkrustasiya edilib.
Ekspedisiyanın rəhbəri bildirib ki, eramızdan əvvəl IX-VIII əsrə aid edilən nekropolda arxeoloji tədqiqatlar davam etdirilir. Gələcəkdə daha böyük elmi nəticələrin əldə ediləcəyi ehtimal olunur.