SİYASƏT
Erciyes Universitetinin professoru: Nasistlərlə əməkdaşlıq edən ermənilərin qəhrəman kimi təqdim olunmasına qarşı etiraz səsləri ucalıb
Ankara, 22 noyabr, AZƏRTAC
Terrorçu və faşistlərlə əməkdaşlıq edən ermənilərin Ermənistanda milli qəhrəman kimi təqdim olunmaları, onların adlarının saxta tarixlə əbədiləşdirilməsi cəhdləri yolverilməzdir. Belə şəxslərdən biri də terrorçu Qaregin Njdedir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Erciyes Universitetinin professoru, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası (MAJL) İctimai Birliyinin sədri Qafar Çaxmaqlı Mehdiyev ifadə edib.
Erməni-nasist əməkdaşlığının uzun illər dünya ictimaiyyətindən gizlədildiyini diqqətə çatdıran alim deyib: “Prezident İlham Əliyev oktyabrın 11-də Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana Ermənistanda heykəl qoyulması məsələsindən danışaraq dünya ictimaiyyətinin diqqətini bu fakta cəlb edib. Nasistlərlə əməkdaşlıq edən ermənilərin qəhrəman kimi təqdim olunmasına qarşı Azərbaycanın sayəsində hazırda dünyanın bir sıra ölkələrində, o cümlədən Rusiyada ciddi etiraz səsləri ucalıb”.
Alim əminliklə bildirib ki, erməni-nasist əməkdaşlığına dair üzə çıxarılan hər bir fakt erməni riyakarlığının sülhsevər dünya ictimaiyyəti qarşısında ifşa edilməsi baxımından əhəmiyyətlidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara