İQTİSADİYYAT
“Ericsson” şirkəti Qarabağdakı layihələrdə iştirak etməyə dəvət olunub


Stokholm, 11 dekabr, Rauf Əliyev, AZƏRTAC
İsveçin dünyaca məşhur Ericsson şirkəti Qarabağdakı layihələrdə iştirak etməyə dəvət olunub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov dünyanın ən böyük telekommunikasiya avadanlıqları istehsalçılarından və müvafiq xidmətlərin göstərilməsi ilə məşğul olan şirkətlərindən biri “Ericsson” şirkətinin vitse-prezidenti Ulf Petersson ilə görüşüb.
Görüşdə qeyd edilib ki, “Ericsson” şirkəti Azərbaycandakı fəaliyyətinə 1881-ci il dekabrın 6-da “Nobel qardaşları neft istehsalı şirkəti”nin ofisi və neft sahələri arasında Azərbaycanın ilk telefon xəttini qurması ilə başlayıb və bu, əlaqələrin inkişafı üçün zəmin yaradıb. “Ericsson”un vitse-prezidenti Ulf Petersson qeyd edib ki, hazırda şirkətin Azərbaycandakı ofisində 22 işçi fəaliyyət göstərir və “Azercell” şirkəti ilə uğurlu əməkdaşlıq 25 ildən çoxdur davam etdirilir.
Zaur Əhmədov Azərbaycan və İsveç arasında ticari-iqtisadi, İKT, elm-təhsil və alternativ energetika sahələrində daha dərin əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu bildirib. Onun fikrincə, “Ericsson” şirkətinin timsalında bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün İsveç firmaları ölkəmizin bazarına daxil olub, mövcud iqtisadi və digər imkanlardan səmərəli şəkildə yararlanmalıdır. “Ericsson” şirkətinin Azərbaycan bazarında fəaliyyətinin genişləndirilməsi üçün imkanların olduğunu vurğulayan Zaur Əhmədov 5G sahəsində, həmçinin işğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrində “Ericsson” texnologiyasının mümkün töhfəsinin öyrənilməsi üçün əlavə danışıqlar aparılmasının labüdlüyünü diqqətə çatdırıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm