İQTİSADİYYAT
Erkan Özoral: Azad Ticarət Zonası Bakı Limanını Türkiyə üçün daha cəlbedici edəcək VİDEO
Bakı, 5 iyun, Elvin Camalov, AZƏRTAC
Ələt qəsəbəsində yaradılan Azad Ticarət Zonası Bakı Beynəlxalq Dəniz Ticarət Limanını Türkiyə üçün daha cəlbedici edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 5-də Türkiyənin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanışlıq zamanı bildirib.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov Bakı Limanında yaradılan şərait və Azad Ticarət Zonası ilə bağlı səfirə məlumat verib. Həmçinin TIR sürücüləri ilə söhbət zamanı sürücülər onlar üçün hər cür şərait yaradıldığını deyib, Bakı Limanında göstərilən xidmətlərin keyfiyyətindən razı qaldıqlarını söyləyiblər.
Səfir Erkan Özoral bildirib ki, Bakı Limanında daşımalarla bağlı günün tələblərinə cavab verən xidmətlər göstərilir. Buna TIR sürücüləri ilə söhbət zamanı da şahid olub.
"Bakı Limanı Türkiyə ilə Asiyanı birləşdirən bir qapıdır. Burada vacib layihələrdən biri olan Azad Ticarət Zonası yaradılır. Bu layihə Azərbaycanın iqtisadiyyatına mühüm töhfə verəcək, Bakı Limanını Türkiyə və digər ölkələr üçün daha cəlbedici edəcək. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi işə düşdükdən sonra Bakı Limanının əhəmiyyəti daha da artacaq", - deyə səfir vurğulayıb.